Milli Şuradakı gizli çəkişmələr

Milli Şuradakı gizli çəkişmələr
  28 Noyabr 2013    Oxunub:1918
İlkin AĞAYEV

Müsavat başqanı İsa Qəmbərin partiya sədrliyindən gedəndən sonra Milli Şurada sədr və ya həmsədr olmaqla bağlı gizli planları ona rəqib olan tərəfləri təşvişə salıb. Belə ki, son vaxtlar Müsavat Milli Şurada daha yüksək statusda təmsilçilik və bu barədə irəli sürəcəyi şərtlərinin qəbul olunmasını istəməyə başlayıb ki, bu da Eldar Namazov-Eldəniz Quliyev cütlüyünün və AXCP-nin ciddi narahatçılığına səbəb olub.
Hazırda Milli Şuranın adı yalnız bu cür tərəflərarası intriqalarla bağlı hallanır. Gələcək seçkilər üçün yalnız adda mövcud olan “Milli Şura” brendindən istifadə etməyi qarşılarına məqsəd qoyan radikal müxalif başçıların hər biri bu məsələdə irəli getmək iddiasındadır. Amma təbii ki, onların “Milli Şura” adını birlikdə istismar etmək üçün səmimi niyyət və istəkləri yoxdur. Xüsusilə də Müsavat Partiyası Milli Şuranı tam nəzarətə götürmək, burada AXCP-nin Cəmil Həsənlinin vahid namizədliyi ilə meydana çıxan üstün mövqeyini ləğv etmək və gələcək seçkilərdə qurumda avanqard qüvvəyə çevrilmək istəyir. Amma qeyd edilən tərəflərin ciddi müqaviməti ilə qarşılaşıb.

Təbii ki, AXCP ilə Eldar Namazov-Eldəniz Quliyev cütlüyü və qurumun sədri Rüstəm İbrahimbəyov arasında Milli Şura yaranandan müşahidə edilən nisbi yaxınlıq indi Müsavatın liderlik iddialarını yağdırdığı ərəfədə daha da güclənməkdədir. AXCP köhnə rəqibi olan Müsavatın və onun başqanı İsa Qəmbərin qurumun sədrliyi postuna göz dikməsini heç cür həzm edə bilmir. Ona görə də mətbuatda, sosial şəbəkələrdə Müsavatın bu iddialarına qarşı hücumlar təşkil edilir, İsa Qəmbərin və onun funksionerlərinin qurumda sədrlik və təmsilçiliklə bağlı bütün arqumentlərinə qarşıp əks arqumentlər irəli sürülür. Bu intriqada isə, qeyd edildiyi kimi, Rüstəm İbrahimbəyov və onun Eldar Namazov-Eldəniz Quliyev “dueti” Qəmbərə qarşı çıxış edir.

Müsavatın altdan-altdan bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyovla görüşmək, onu razı salmaq cəhdləri də alınmır. Ona görə də Müsavatın nəzarətindəki qəzetdə İbrahimbəyova qarşı tez-tez aşağılayıcı və Milli Şura sədrinin paradokslarını qabardan yazılar verilir, o, dolayı olaraq kəskin tənqid olunur. Bu isə tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirib.

Əvvəllər Qəmbərlə İbrahimbəyovun bu məsələ ilə bağlı görüşünün keçiriləcəyi haqda informasiya sızdırılsa da, son nəticədə bu, alınmadı. Belə ki, İbrahimbəyov artıq Qəmbərlə görüşməyə maraq göstərmədiyini açıq şəkildə ortaya qoyub.

Digər tərəfdən, İsa Qəmbərin İbrahimbəyovla yaxınlaşma cəhdlərinə qarşı duran Namazov da fəaliyyətsiz deyil. Onsuz da qurumda autsayder durumuna düşən Namazov burada özünə daha zidd mövqe olan Qəmbərin önə çıxmasından ehtiyatlanır. O, hətta, lazım gələrsə Milli Şuraya paralel qurmun yaradılmasından danışıb. Bu isə İbrahimbəyova Müsavata güzəştə getməmək barədə bir mesajdır.

Amma eyni zamanda Müsavat da öz iddialarının təmin edilməyəcəyi halda Milli Şuradan çıxacağı ilə bağlı şantaj edir. Beləliklə, bu məsələdə heç bir anlaşma və konsensus əldə olunmadığı üçün yaxın gələcəkdə Milli Şura adlı qurumun zidd tərəflərə parçalanacağı gözləniləndir. Bu isə o deməkdir ki, radikal düşərgə Milli Şuranı 2015-ci ilin seçkilərinə qədər daşıyıb apara bilməyəcək.


Teqlər:





Xəbər lenti