40 ton ərzaq məhv edildi

40 ton ərzaq məhv edildi
  22 Noyabr 2013    Oxunub:1337
Azərbaycanda bu il ərzində 40 tona yaxın keyfiyyətsiz ərzaq malları məhv edilib.
AzVision.az xəbər verir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti regionlarda istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Noyabrın 21-də Dövlət Xidmətinin təşkilatçılığı ilə Füzulidə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-dən çox istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən 10 ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 37,5 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən A.Əliyev 2013-cü ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 185 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçasının hazırlanaraq paylanıldığını deyib. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə, istehlakçı hüquqlarına dair məruzələrlı çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.


Teqlər:  





Xəbər lenti