Gömrükçüləri aldatmağa çalışan siqaret qaçaqmalçıları saxlanıldı

  24 Mart 2019    Oxunub : 2145
 Gömrükçüləri aldatmağa çalışan siqaret qaçaqmalçıları saxlanıldı
Gömrük nəzarətindən yayınmağa çalışaraq Gürcüstandan Azərbaycana qanunsuz siqaret, mobil telefon aksesuarları və kürü keçirmək istəyənlər saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus “VAZ -21013” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd “Marlboro” markalı siqaret, 10 ədəd “Apple” markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.

İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ -21063” markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd “Marlboro” markalı siqaret və 10 ədəd “Apple” markalı qulaqcıq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Azvision.az

Teqlər: “QırmızıKörpü”   Gömrük