Avropa alternativ enerji mənbələrinin həcmini artırır

Avropa alternativ enerji mənbələrinin həcmini artırır
  16 Noyabr 2013    Oxunub:1309
Beynəlxalq Enerji Agentliyinin “Dünya enerji perspektivi” illik hesabatının təqdimatı olub.
AzVision.az xəbər verir ki, Avstriyanın OMV enerji konserninin təşkilatçılığı ilə Vyanada Hofburq sarayında Beynəlxalq Enerji Agentliyinin “Dünya enerji perspektivi 2013” illik hesabatının təqdimat mərasimi keçirilib.

Tədbirdə bir sıra ölkələrin energetika nazirləri, dünyanın aparıcı enerji şirkətlərinin təmsilçiləri, Avstriyanın neft-qaz və sənaye şirkətlərinin rəhbərləri, ekspertlər və mətbuat nümayəndələri iştirak ediblər.
Avstriyanın OMV konserninin prezidenti Qerhard Roiss açılış nitqi ilə çıxış edərək, rəhbəri olduğu qurumun enerji sektorundakı fəaliyyəti, gələcək perspektivlər və prioritet istiqamətlər barəsində danışıb.

Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fatih Birol 2013-cü il üzrə “Dünya enerji perspektivi” illik hesabatına dair geniş təqdimatla çıxış edib. Neft-qaz sektorunun əhatəli şəkildə analiz olunduğu çıxışda vurğulanmışdır ki, bu gün Avropanın enerji sektoru ciddi problemlərlə üzləşmişdir, neftayırma zavodlarının gəlirləri getdikcə aşağı düşür və bu prosesin gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edilmişdir ki, 2017-ci ildə ABŞ dünyanın ən böyük qaz istehsalçısına çevriləcək, şist qazının emalı sayəsində baş verən bu “inqilab” dünyanın qaz təchizatına böyük təsir göstərəcək. Avropada şist qazının çıxarılması və emalında problemlər olduğuna görə, ABŞ-dakı qaz hasilatının beynəlxalq enerji bazarına təsiri uzun müddət davam etməyəcək.

O bildirdi ki, qaz dünyada yeganə əmtəədir ki, Avropada qiymətlər ABŞ-dan 3 dəfə, Yaponiyadan isə 5 dəfə bahadır. Gələcəkdə bu fərqin azalacağı ehtimal olunsa da, bu əmtəədə çox böyük qiymət fərqi tam aradan qalxmayacaq.

Hesabatda resurslar, istehsal, tələb-təklif, neftayırma və beynəlxalq satışla bağlı mövcud trendlər və gələcək perspektivlərlə bağlı digər məsələlər də şərh olunub.

Avropa Komissiyasının Baş Enerji Direktorluğunun direktor müavini Fabritsio Barbaso öz çıxışında Avropanın enerji sektorunda mövcud vəziyyətdən, strateji istiqamətlərdən, aparılan siyasətdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Avropanın enerji sektorunda alternativ enerji mənbələrinin çəkisi getdikcə artmaqdadır. Belə ki, 2007-ci ildə Avropada alternativ enerji mənbələrinin həcmi 7 faiz olmuşdusa, 2013-cü ildə bu rəqəm iki dəfəyədək artaraq 13 faizə çatıb.

Təqdimat mərasimində ölkəmizi ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov təmsil edib. G.Cavadov tədbir çərçivəsində bir sıra görüşlər keçirib.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin hər il dərc olunan “Dünya enerji perspektivi” adlı hesabatı dünyanın bütün enerji resurslarını, region və sektorlarında mövcud vəziyyəti, habelə növbəti 20-30 il üzrə perspektivləri və proqnozları özündə əhatə edən dünyanın əsas enerji hesabatdır.


Teqlər:





Xəbər lenti