`Dövlət Departamenti bizim hesabatlardan istifadə edir`

`Dövlət Departamenti bizim hesabatlardan istifadə edir`
  15 Noyabr 2013    Oxunub:1681
Haldun Yavaş: `Xəzər Forumu bölgəmizin Davos Forumuna çevrilməkdədir`
Xəzər Strategiya İnstitutu (HASEM) bölgənin iqtisadi, nəqliyyat və enerji məsələlərini araşdıran beyin mərkəzidir. Qurum ötən ilin iyununda yaranıb və artıq iki Xəzər Forumu keçirib. Gələn ayın əvvəlində İstanbulda üçüncü Forumu keçirməyə hazırlaşır.
Qurumun baş katibi Haldun Yavaş gördükləri işlər və qarşıya qoyduqları məqsədlərlə bağlı fikirlərini AzVision.az ilə bölüşüb.

- Xəzər Strategiya İnstitutu hazırda nə işlə məşğuldur?
- Mərkəzi ofisimiz İstanbulda yerləşsə də, biz təkcə Türkiyəni deyil, bütün bölgəni əhatə edən düşüncə quruluşuyuq. Ona görə də, bölgənin mənfəətlərini və regional iş birliyini birinci yerdə tuturuq. Daha çox əməkdaşlıq məsələləri üzərində çalışırıq. Hazırda ən çox məşğul olduğumuz məsələ cənub qaz dəhlizidir. Çünki bu, bütün bölgənin həmfikir olduğu bir layihədir.
Adətən insanlar və media problemləri, mümkünsüz məsələləri müzakirə edirlər. Biz isə əksinə, mümkün olan şeylərin üzərində dayanmaq istəyirik. Ona görə də, real iş birliyi və onun verə biləcəyi faydalar üzərində düşünürük. Cənub dəhlizi təkcə bu gün yox, yaxın 20-30 ildə də Guney Qafqazı, Orta Asiyanı, İranı, Türkiyəni bir enerji müstəvisində birləşdirəcək. Ona görə də bütün bölgə üçün son dərəcə ciddi əhəmiyyətə malikdir.

- Bir fikir mərkəzi olaraq sizin gəldiyiniz qənaətlər qərar qəbul edən mərkəzlərə çatdırılırmı?
- Amerikanın beyin mərkəzlərinin bəzilərinin yüz ilə yaxın yaşı, yüz milyonlarla büdcəsi var. Orada öz sahəsini çox incəlıklə bilən insanlar çalışırlar. Məsələn, bizim bölgə ilə bağlı çalışan onlarla mütəxəssis var ki, onlar bu bölgədə baş verənləri bütün incəliklərinə qədər, dərindən bilirlər. Belə bir vəziyyətdə həmin mərkəzlərin söylədiyi fikirlər az qala bir qanun kimi hamı tərəfindən ciddi qəbul olunur.
Bizim Xəzər Strategiya İnstitutumuz ancaq Xəzər bölgəsinin enerji və iqtisadi təhlükəsizlik məsələlərinə baxır. Həm də baxış bucağımız fərqlidir. Biz problemləri körükləmirik, çıxmaza salmırıq, əksinə, birgə iş imkanlarını göstəririk. Pozitiv layihələrin bölgə üçün yaradacağı imkanları ön plana çəkirik. TANAP, TAP, Bakı-Tiflis-Qars kimi layihələrlə maraqlanmağımızın da əsas səbəbi budur. Yəni bölgənin mənfəəti üçün olan işlər bizim üçün birinci sıradadır.

- Xəzərətrafı ölkələrin hokumətləri sizin araşdırma və tövsiyələri oz fəaliyyətlərində nəzərə alırlarmı?
- Biz cəmi 16 aydır yaranmışıq. Buna rəğmən `Hazar World` adlı jurnal dərc edir, və onu Azərbaycanda , Amerikada qərarlar verən insanlara ünvanlı olaraq çatdırırıq. Bundan başqa, `Hazar raporu` adlı dərgimiz də var. O da adını çəkdiyim ölkələrdə qərar qəbul edən şəxslərə çatdırılır. Brüsseldə, Nyu-Yorkda, İstanbulda keçirdiyimiz forumlarda ən ciddi məsələlər rəsmi şəxslərin, elm adamlarının, iş adamlarının, media mənsublarının iştirakı ilə müzakirəyə çıxarılır. Həmçinin xüsusi hesabatlar hazırlayıb yayırıq. Məsələn, sonuncu hesabatımız Azərbaycanın tranzit qovşağına çevrilməsi ilə bağlı idi. Bilirik ki, Amerikanın Dövlət Departamenti də daxil olmaqla, həmin ölkənin düşüncə mərkəzləri bizim o hesabatdan qaynaq kimi istifadə ediblər. Bir neçə ölkədə bizim araşdırmalarımızdan mənbə kimi istifadə edildiyini bilirik.

- İri dövlətlərin beyin mərkəzləri ilə iş birliyiniz varmı?
- Əlbəttə, çalışdığımz və maraqlı olduğumuz ölkələrin hər biridə ən azı bir tərəfdaşımız var. Bruklin, Berkli, Kembric universitetləri ilə birgə tədbirlər keçirmişik. Qazaxıstan və Azərbaycanda müxtəlif layihələrdə yerli təşkilatlarla birgə çalışırıq.

- Qarşıya qoyduğunuz hədəf kifayət qədər iddalıdır. Buna uyğun kadr potensialınz da varmı?
- Biz 2012-ci ilin iyununda cəmi bir nəfərlə işə başlamışıq, amma hazırda 22 nəfər full-time çalışan kadrımız var; kənarda iş birliyi qurduğumuz elm adamları və ekspertləri də nəzərə alsaq , 50-yə yaxın əməkdaşımız var. Türkiyədə Xəzər bölgəsini öyrənən insanların sayı çox deyil. Amma biz Azərbaycanda elmi işlə məşğul olan gəncləri də əməkdaşlığa cəlb edib, onlara işləmələri üçün mövzular veririk. Hələ ki, istədiyimiz nöqtəyə tam çatdığımızı deyə bilmərəm. Amma bir ildə gördüyümüz işlərə baxsaq, xeyli nailiyyətimiz var: Dünyada sayılan strateji mərkəzlərdən biriyik, nəşrlərimiz hər tərəfə yayılır, böyük araşdırma mərkəzləri ilə əməkdaşlıq edirik. Xəzər forumu isə artıq bölgənin Davos Forumuna çevrilməkdədir. Biz əmin addımlarla sürətlə irəliləyirik.

- Qarşıdakı İstanbul Forumundan əsas gözləntilər nələrdir?
- Birinci forumda biz dünyaya `Xəzər bögəsi var` dedik. Xəzər bölgəsini 3 baxımdan dəyərləndirdik - enerji, tranzit və təhlükəsizlik.
İkinci forumda cənub qaz dəhlizini, TANAP və TAP-ı müzakirəyə çıxardıq. İstanbulda keçiriləcək 3-cu Forumda isə Xəzər bölgəsini dünyaya tam, hərtərəfli, kompleks şəkildə anladacağıq. Bu forum `Definig the Caspian `devizi altında keçiriləcək.

- Azərbaycandakı beyin mərkəzlərini tanıyırsınızmı və onlarla əlaqələriniz varmı?
- Azərbaycandakı düşüncə qurluşları çox dinamik və bölgə ilə bağlıdırlar. Amma ölkənin xaricində əlaqələri azdır və daha çox tanınmalarına ehtiyac var. Azərbaycan çox dinamik ölkədir. Bakıda az qala hər gün hansısa beynəlxalq tədbir keçirilir. Dünyanın ən nüfuzlu insanları müntəzəm şəkildə Bakıya gəlirlər. Bakıda ortaya atılan fikirlər dünyada getdikcə daha ciddi qarşılanır və daha böyük əks- səda doğurur. Azərbaycanın istər Strateji Araşdırmalar Mərkəzi (SAM), istər Diplomatiya Akademiyası kifayət qədər dolğun və effektiv araşdırmalar aparır. Və dünyaya çıxmaq üçün də ciddi səylər göstərirlər.

- Türkiyədə Xəzər bölgəsindəki proseslərə diqqətin elə də böyük olmadığını nəzərə alsaq, Xəzər Strategiya İnstitutunu yaratmaq ideyası necə meydana gəldi?
- Əgər bir işdə uğur qazanmaq istəyirsinizsə, hələ ki heç kimin tutmadığı sahəyə diqqət yetirməlisiniz. Heç kimin etmədiyini etmək uğur qazanmağın birinci qaydasıdır. Biz Türkiyədə Xəzər mövzusunda bir boşluğun olduğunu hiss etdik. Türkiyənin strategiya qurumlarının hamısı gündəmdə olan mövzuları araşdırırlar. Xəzər bölgəsini, xüsusilə də buranın enerji arxitekturasını təhlil edən qurumların yoxluğu bizi bu işə sövq etdi. Biz ancaq Xəzər bölgəsini öyrənir və onun siyasətini medianın gündəminə gətirməyə çalışrıq. Təkcə bu günü yox, gələcəkdə gözlənilən prosesləri də araşdırırıq.

- Hazırda Xəzər bölgəsi bir mövzu olaraq Türkiyənin gündəmində hansı yeri tutur?
- Etiraf edirəm ki, elə də çox deyil. Amma son illərdə Türkiyə qonşu ölkərə daha böyük diqqət ayırmağa başlayıb. Bizim Xəzər Strategiya İnstitutu olaraq missiyamızın bir istiqaməti də bu boşluğu ardan qaldırmaqdır.

- Təxminən 15-20 il sonra Xəzər bölgəsini necə təsəvvür edirsinz?
- Bu suala cavab verməyin ən yaxşı yolu 20 il əvvələ baxmaqdır. 20 il əvvəlki Bakı, Astana, Aşqabad ilə bugunkunun arasında nə qədər fərq varsa, 20 il sonra bundan daha böyük fərq olacaq. Bölgə ölkələri sürətlə inkişafdadır. Sadəcə, ortaq faydaları müəyyənləşdirmək və onların istiqamətində daha dərin, pozitiv işbirliyi qurmağa ehtiyac var. Düzdür, imkanlar eyni zamanda, təhdidləri də meydana çıxarır. Bu təhdidləri görməmək mümkün deyil. Elə həmin təhdidlərə qarşı da pozitiv yanaşmaları ön sıraya gətirmək lazımdır. Ümumilikdə, isə Azərbaycan sürətlə imkan edir və bu inkişafın daha da dərinləşəcəyini düşünürəm.

- Sizin `inkişaf`sözünu işlətməyiniz diqqətimi çəkdi. Adən türkiyəli dostlarımız `gəlişmə` deyirlər axı...
- `İnkişaf` kəlməsi `gəlişmə` kəlməsindən daha dərin və əhatəlidir. `İnkişaf`ın içində kəşf var, irəliləmə, sabitləşmə var. `Gəlişmə` isə məhdud bir anlam daşıyır. Mən Azərbaycan dilini daha çox bəyənirəm, çünki buradakı sözlərin dərinliyi və əhatəliyi bizim işlətdiyimiz İstanbul tükcəsindən daha böyükdür.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti