"Azərbaycan gənclərinin hər biri ideal deyil" - Nazir müavini

   "Azərbaycan gənclərinin hər biri ideal deyil" -    Nazir müavini
  01 Fevral 2019    Oxunub:2242
"Bu gün Azərbaycan gənclərinin hər biri ideal deyil. Təəssüf ki, Azərbaycanda narkomaniyaya düşən və ya digər mənfi cəhətləri olan gənclərimiz də var. Lakin gənclərin böyük əksəriyyəti sağlam, ürək açan mövqedədir".
Azvision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Nazir müavini qeyd edib ki, 2019-cu ildə gənclər sahəsində mövcud olan iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada gənclərlə iş nəzərdə tutulur: "Burada texnologiya, elm məsələsi, elmdə olan gənclərə dəstək verilməsi layihələri, onların stimullaşdırılması və.s işlər daxildir. İyul ayında Nazirliyin 25 illiyi ilə bağlı beynəlxalq çərçivədə tədbir keçirmək niyyətindəyik. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələbələrə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və.s tədbirlərin keçirilməsi nəzərdə tutulur".

İ.Babayev deyib ki, nazirliyin balansında olan 12 Gənclər evində kifayət qədər fəallıq var və burada gənclər üçün göstərilən xidmətlər tam təmannasızdır: "Bu gün radikal qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşən gənclərimiz az da olsa var. Lakin az olsa belə bizi narahat edir. Çıxış yolu gənclərimizi maarifləndirmək, onları yönəltməkdir. Bir çox xarici qüvvələr milli maraqlara söykənən milli dövətçilik siyasətini həyata keçirməyi qəbul etmirlər. Bu, onları qıcıqlandırır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Gənclər  





Xəbər lenti