Azərbaycanlılara qarşı qətliamlar əvvəlcədən planlaşdırılmışdı

Azərbaycanlılara qarşı qətliamlar əvvəlcədən planlaşdırılmışdı
  11 Oktyabr 2018    Oxunub:1017
İlahə Əliyeva
Tarixçi

1918-ci ildə azərbaycanlıların soyqırımının, etnik təmizlənmənin ikinci mərhələsi reallaşdırıldı. Torpaqlarımızda məskunlaşmalarına icazə verdiyimiz nankor ermənilər sonda özümüzə qarşı ən ağır, sərt üsulları tətbiq etdilər. Əsrlərdən bəri bir yerdə yaşadıqları, qapılarında muzdur dayandıqları azərbaycanlılara xəyanət etdilər, duz-çörəyi tapdadılar, din qardaşlarının fitnə-fəsadlarına arxalanıb, azərbaycanlıları incitdilər, arxadan zərbə vurdular.

Onlar həmişə arxadan zərbə vurmağa öyrənmişdilər. Osmanlı sultanlığında yaşayanda da bu addımdan istifadə etmişdilər. Özlərinin çirkin məqsədləri yolunda gizli şəkildə durub gözləmək və xaincəsinə pusquda dayanıb tələyə salmaq ermənilərə məxsus xarakterik xüsusiyyətdir. Bunlar o qədər nankor və qədirbilməzdirlər ki, onlara qoyulan xətir-hörməti heç vaxt dəyərləndirməzlər. Osmanlı İmperiyasının ərazilərində yaşayan ermənilərə Osmanlı sultanları “sadiqi təbəqə” titulu verərək, bir çox borc və mükəlləfiyyətlərdən azad etmişdi. Onların hüquqları yerli müsəlman əhali ilə müqayisədə daha çox qorunur və onlara güzəştlər edilirdi.

Amma satqın və xain ermənilər bu qədir-qiymətin və güzəştlərin dəyərini bilmədilər. Həmişə istəmək və tələb etmək bu milləti uçurumlara salıb. Xristian havadarlarına arxalanaraq, Osmanlını zəif salıb yıxmaq və burada özlərinin “Böyük Ermənistan” yaratmaq xülyaları onların illərlə hazırladıqları mənfur planlarının tərkib hissəsi idi. Xristian dindaşlarının, o cümlədən çar Rusiyasının onlara verdiyi vəd özünü doğrultmayanda təkidlə Rusiyadan gələcək taleləri ilə bağlı kömək tələb etdilər. Rusiya özünün əlaltısının bu durumuna laqeyd qalmadı. Hərtərəfli olaraq onun məqsədlərinə xidmət edən əlverişli tarixi planı həyata keçirdi. 1915-ci il Osmanlı ərazisində süquta uğrayan mənfur siyasət nəticəsində daha öz yerlərində duruş gətirə bilməyəcək ermənilərin kütləvi şəkildə köçünü indiki Ermənistan ərazisinə-tarixi Azərbaycan torpaqlarına doğru yönəltdi. Və bu yönələn köç karvanından sonra xalqımızın faciəli günləri başladı.

Çar Rusiyasının himayəsi altında həddindən artıq varlanan Zaqafqaziya erməniləri tərəfindən öz ərazi iddialarını həyata keçirmək üçün terrorçuluq istiqamətində fəaliyyət göstərən partiyalar, silahlı quldur dəstələri yaratmışdılar. “Hunçak” və “Daşnaksütyun” partiyaları da “Böyük Ermənistan adlı dövlət yaradacaqlarını bəyan edərək, bu yolda onlara əngəl olacaq türklərə qarşı açıq müharibə elan etdilər. “Daşnak”, “Hunçak” terrorçu təşkilatları türkləri bir nəfər kimi qırmağa, məhv etməyə çağırırdılar. Onlar türkləri özlərinin bir nömrəli düşməni hesab edirdilər. Bu quldurlarda türklərə qarşı amansızlıq o dərəcədə idi ki, onlar hətta öldürdükləri türk meyidlərini də çox pis vəziyyətə salırdılar. Göreşən cildinə girən bu simasızlar cəsədləri tanınmaz hala salırdılar. Belə dəhşətli səhnələri təsvir etmək o qədər də asan deyildi. Millətini türklərə qarşı ədəbsizliyə və qəddarsızlığa sürükləyən, amansızlığa çağıran cəllad üzlü erməni yazarı Daroyan ermənilərə xitabən deyirdi: “Əgər sən çöldə zəhərli bir ilan görüb öldürməsən eyb etməz, ancaq bir türkü görüb öldürməsən, bunu sənə heç bir erməni bağışlamaz”.

Rusiyada Müvəqqəti hökumət hakimiyyət başına keçəndən sonra ermənilərə özlərinin ordu və milisinin yaradılmasına icazə verildi. Azərbaycan tərəfi isə bu məsələ ilə bağlı müraciət edəndə onun xahişi qəti surətdə rədd cavabı ilə qarşılaşdı.
Rusiyada hakimiyyəti ələ alan Müvəqqəti Hökumət Zaqafqaziyada saxladığı ordunu buraxdı. Sahibsiz və idarəsiz qalan rus hərbi hissələrinin əsgərləri yerlərdə görünməmiş talanlar törədirdilər. Onların azğınlığı ermənilərə sərf etdiyindən onları öz tərəflərinə çəkirdilər.

Ermənilər məqsədlərinə çatmaq üçün o qədər gözlədilər ki, bolşeviklərr buraya gəldilər və onlar bolşeviklərlə dil birliyinə girərək özlərinin müsəlman ölkələrinin əhatəsində rahat həyat sürmələrinə dair təlimat aldılar. Çar Rusiyası tərəfindən dəfələrlə aldanılan, tora salınan ermənilər növbəti dəfə də aldanmaq istəmədilər. Bolşeviklər onlara “böyük hədiyyələr”, yeni torpaqlar verəcəklərinii dedilər. Ermənilərə vəd edilən bəzi ərazilər verildi, bəziləri isə gələcəyə saxlanıldı. Yalnız bundan sonra ermənilər bolşeviklərlə birgə işləyəcəklərinə söz verdilər.

Qafqaza hakim olmaq üçün bolşeviklər öz sələflərinin, çar Rusiyasının həyata keçirmək istədiyi işğalçılıq planını gerçəkləşdirməyi qərara aldılar. Sovet hakimiyyətinin Bakıda elan olunması olduqca vacib idi. Burada ciddi və çox mürəkkəb siyasi, milli, iqtisadi məsələlər irəli sürülürdü. Oktyabr hadisələrindən sonra V.İ.Leninin bu bölgəyə, xüsusilə neft Bakısına marağı qat-qat artmışdı. Bakıda sovet hakimiyyətinin elan olunması və həmin günlər Şaumyanın teleqramında –“Ordunun köməyi ilə Zaqafqaziyanı sovet Rusiyasının hakimiyyətini tanımağa məcbur edə bilərik” söyləməsi V.İ.Lenini razı salmışdı. Onun Bakıda ən böyük ümidi S.Şaumyana idi. 1917-ci ilin dekabr ayaında V.İ.Leninin tələm-tələsik milliyyətcə erməni olan Stepan Şaumyanı Qafqaz işləri üzrə müvəqqəti, fövqəladə komissarı təyin etdi. Şaumyanın istəyi də elə bu vəzifəni almaq idi. Bu vəzifə ona ümumermənilərin əsas istəyini həyata keçirməyə doğru geniş yollar açırdı. Bütün erməni siyasi liderləri, partiyaları, milyonçuları S.Şaumyanın ətrafında birləşdi.

Bundan sonra Azərbaycanın qara günləri başladı . Tarixən Azərbaycana məxsus olan ərazilərdə qətliamlar ara vermədi. Erməni quldurları etnik soyqırımlara əl ataraq ərazilərin azərbaycanlılardan təmizlənməsi üçün geniş masştablı əməliyyatlara başladılar.
Təkcə 1918-ci ildə Zəngəzur qəzasının 115 kəndi üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq faciəli şəkildə qətlə yetirilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır.
1916-cı ildə əhalinin siyahıya alınmasına görə Qərbi Azərbaycanda 375 min azərbaycanlı yaşadığı halda daşnakların həyata keçirdiyi qanlı qırğınlar nəticəsində, 1922-ci ildə bu ərazilərdə sığınmaq və yağı düşməndən qorunmaq üçün özlərinə keçilməz dağları məskən seçən cəmi 70 min azərbaycanlı qalmışdı. Bütün bunlar hələ qeydə alınmış (Qeydə alınmamış o qədər tarixi məlumatlar var ki... - İ.Ə.) faktlardır.

İrəvan quberniyasında türk-müsəlman əhaliyə qarşı erməni-daşnak qüvvələrinin törətdikləri cinayətlər planlı şəkildə tətbiq edilirdi. Burada yaşayan azərbaycanlıların gözünü qorxutmaq, qaçırtmaq əsas məqsəd daşıyırdı. İnsanlıq simasını itirmiş bu cəlladlar mifik erməni dövləti yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxartmağa və bu məkrli planın reallaşmasına çalışırdılar.

May ayının ortalarında daşnak qüvvələri İrəvan şəhəri və onun ətrafındakı bölgələrdə yaşayan müsəlman azərbaycanlıların üzərinə hücuma keçdilər. Dinc əhalinin kütləvi şəkildə qırılmasının qarşısını Türkiyədən və İrandan gələn müsəlman könüllüləri aldılar.
1918-ci ilin avqust ayının 1-də Azərbaycanın İrəvandakı nümayəndəsi Xan Tekinski bəyanat verdi. Bəyanatda deyilirdi: “1918-ci ilin əvvəlindən indiyənədək 300 müsəlman kəndi dağıdılıb”.
Bəyanatda o da göstərilirdi ki, “Milyonlarla türk öz dədə-baba torpaqlarından zorakılıqla qovulur”.

Ölkədə baş verən hadisələrdən sarsılan Xan Tekinski həyəcanla tərtib etdiyi məlumatda daha sonra yazırdı: “Ermənilər qarşılarına çıxan türkün nə uşağına, nə qocasına, nə də xəstəsinə baxırlar. Minlərlə adam ev-eşiyini atıb, yalnız canını qurtarmağa cəhd göstərir. Ermənilərin məqsədi birdir -müsəlmanları buradan çıxartmaq və tez bir zamanda, burada tərkibcə ermənilərin say çoxluğunu yüksəltmək”.

Avqustun 30-da Əlimərdan bəy Topçubaşov Versal Sülh konfransına məlumat verirdi ki, İrəvan və Qars əyalətlərində bütün türk kəndlərinin kişiləri öldürülmüş, qadınları isə erməni döyüşçülərinə hədiyyə edilmişdi”.

Erməni daşnaklarının bolşeviklər tərəfindən vuruşacağına inanmayan Əlimərdan bəy Topçubaşov yazırdı: “Qırğından sonra başa düşdüm. Qırğında ermənilərin bolşeviklər tərəfdən çıxış edəcəyini güman etmirdik, lakin qırğından sonra başa düşdüm ki, pək bolşevik Şaumyan bolşevik olmadan əqdəm erməni idi. Onun erməni və bolşevikləri bir cəbhədə toplaya biləcəyini ağlıma gətirə bilməmişdim”.

1918-ci ilin dekabr ayının 10-da, “Azərbaycan” qəzetində dərc olunmuş məlumatda Zəngəzurdan alınmış teleqrama əsaslanaraq bildirilirdi ki, “Camaat vahimə içərisindədir, İrana qaçmağa çalışır, Arazda çoxlu qadın və uşaq batıb həlak olmuşdur. (Bu hal 30 oktyabr 1993-cü ildə Zəngilan, Cəbrayıl rayonları Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunanda da təkrarlandı. Camaat soyuq payız günündə canını qurtarmaq üçün Arazın o tayına ümid etdi, özünü sulara atdı. Nə qədər insan Arazda bataraq boğuldu – İ.Ə.). Sağ qalan sakinlər çöllü-biyabanda qalmış, Arazın sahillərini gəzib dolaşırlar. Andronikin dəstəsi hər cür müdafiədən kənarda qalmış müsəlmanları qırmağı qərara almışdır”.

Elə həmin ildə quldur Andronik öz vəhşi və yırtıcı quldur dəstəsi ilə birgə Zəngəzurun 280 kəndinin külünü göyə sovurmuşdu. Zəngəzurda yalnız Minkənd kəndinə toxunulmadı. Bütün bu kimi baş verən hadisələrə təbii ki, müsəlmanlar laqeyd qalmamalı idilər,lakin müxtəlif partiyaların sıralarında yer alan müsəlmanlar arasında dil, fikir birliyi olmadığı üçün peşəkar daşnakların, bolşeviklərin toruna düşürdülər. Bolşeviklər, daşnaklar bu qeyri peşəkarlığa görə müsəlman türklərə az qala nifrət edirdilər. Hadisələrin bu şəkildə davam etməsi təbii ki, qaniçən işğalçıların işinə yarayırdı. Bölgələrdə talanlar ara vermir, dinc, əliyalın sakinlər qılıncdan keçirilirdilər. Cəbrayıldan olan müəllim Hüseyn Axundzadə vurduğu teleqramında mövcud vəziyyətlə bağlı kömək istəyir, imdad diləyirdi.

O, yazırdı: “Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusları təhqir olunmuş, məsum balaların başsız bədənləri qırmızı qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namusuna təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərə bilən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına çevirir, onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məlumanə şəkildə şəhid olarkən “Kömək, kömək” deyən yalvarışlarına cavab verməyə çağırırıq”.

Azərbaycanlıların kütləvi şəkildə qırılması prosesində vaxtilə yerlərində yer verdikləri, qapılarında çörək üçün ağladıqları ermənilər də iştirak edirdilər. Mərkəzdən ermənilərə qırğınlarda fəal iştirak etmələri tövsiyə olunur, onları müəyyən vədlərlə daha da həvəsləndirirdilər. Ermənilər azərbaycanlıların tamamilə məhv edilməsinə çalışır, qatillərdən, vəhşətdən qaçıb canını qurtarmağa çalışanların gizləndikləri yerlər göstərilirdi.

Təpədən dırnağadək silahlanmış Dronun dördüncü dəfə Vediyə basqını zamanı Şadlinskinin adamaları 1500 erməni əsgərini əlbəyaxa döyüşdə məhv etmişdi. El arasında erkək Tavat adlanan zəngəzurlu qadın Laçın və Əlyanlı meşələrində ermənilərə divan tutmuşdu.Vedidə Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi özünümüdafiə dəstələri olmasaydı yəqin ki, itkilərin sayı daha çox olacaqdı.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ildə İrəvan qəzasında 211, Qars vilayətində 92, Zəngəzur qəzasında 115, Eçmiədzin qəzasında 62, Qarabağda 157 azərbaycanlı kəndi yerlə-yeksan edilmiş, əhalisi isə erməni quldur dəstələri tərəfindən amansızcasına qətlə yetirilmişdi.

Təkcə 1918-1920-ci illər ərzində bolşevik hökuməti tərəfindən ərazi bölgüsündə Ermənistana hədiyyə verilmiş Qərbi Azərbaycanda 200 minə yaxın soydaşımız törədilən qırğınlardan dəhşətlənərək, düşmən əlindən qaçaraq Azərbaycana pənah gətirmişdi. Qərbi Azərbaycanda qətliamları həyata keçirmək prosesi A. Papyana həvalə edilmişdi. O, camaat arasında, qaniçən, qatil, amansız bir cəllad olaraq tanınırdı. Azərbaycanlılara qarşı amansızlığı ilə öyünən A.Papyan fəxrlə bəyan edirdi ki, “Mən Basarkeçər rayonunun türk kəndlərini tamamilə məhv etdim. Döyüşdə bəzən gülləyə heyifim gəlir. Ən yaxşısı odur ki, bu itləri dərin quyulara doldurub, üstündən də iri daşları tökəsən ki, bir daha onlar dünyada görünməyələr. Mən də elə hərəkət etdim. Kəndin bütün kişi, qadın və uşaqlarını yığıb, möhkəm döyəndən sonra quyulara doldurub iri daşları tökdüm onların üstünə”.

1919-cu ilin may ayında Zeynal Zeynalov Tiflisdən Çildər, Ajlaba, Zaruşat, və Şuragilin türk əhalisinin imdad diləməsi haqqında Böyük Britaniyanın Ali Komissarı Oliver Uordçopa pres-reliz göndərdi. Orada yazılırdı: “Daşnaklar Türkiyədən sürgün edilmiş erməniləri yerləşdirmək üçün İrəvanın və Qarsın türk əhalisini ucdan tutma surətdə qırdılar”.

Zeynal Zeynalovun bu teleqramı göndərməkdə məqsədi xarici ölkələrdən kömək istəməkdi. Böyük Britaniya isə bu hadisələrə münasibət bildirməyi belə lazım bilmədi.

(Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “1918-ci ildə azərbaycanlıların soyqırımına həsr olunmuş Beynəlxalq Konfransın keçirilməsi” mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində çap olunur.)



Teqlər:





Xəbər lenti