Virtual palatka - Murad Köhnəqala yazır

Virtual palatka - Murad Köhnəqala yazır
  11 Oktyabr 2018    Oxunub:6536
Bir çox məkanlarda olduğu kimi, sosial şəbəkələrdə də özümüzü adekvat apara, əldə etdiyimiz elektron vasitələrdən təyinatı üzrə istifadə edə bilmirik. Əksəriyyətimiz kimi, mən də feysbuk istifadəçisiyəm. Burada dünyanın dörd bir yanından xəbərlər, şərhlər, münasibətlər, düşüncə adamlarının beyin məhsulları, şəkillər, videogörüntülər, nə bilim, nələr-nələr paylaşılır. Şəxsən mən bu dərya içində insan qəddarlığının ən amansız görüntülərini geridə qalan müsəlman ölkələrində çəkilmiş videolarda görmüşəm.
Azərbaycanın virtualı isə bir başqa aləmdi. Bir də görürsən, biri gecənin gird yarısı yazır ki, yarım saat bundan öncə atamı itirdik. Adamın atası ölüb, yəni. Yazılan bu qəmli statusun altında sosial şəbəkə “mollaları” dərhal bir virtual yas palatkası qurub, bala-bala yığılışaraq rəhmət-cənnət arzularını ölü sahibinə sunur, başsağlığı verirlər. Adamın gözlərinin önünə atasının soyumamış meyitinin baş ucunda oturub, smartfonda eşələnən kefkom oğul gəlir.

Bir dəfə belə bir virtual yas palatkasının altına biri “Çox mübarəkdi!” yazıb, atüstü keçmişdi. Ola bilsin, həmin adam “palatkanı” uzaqdan görüb və elə bilib toydu, virtual mollaların yazdığı duaları isə toy xonçalarına bənzədib. Bəlkə də qəsdən elə yazmışdı, ancaq onun rəyi uzun müddət silinmədi. Axırda birisi “yas sahibinə” yazdı ki, bəs, orda anlaşılmazlıq olub, onu sil. Yas sahibi də yazdı ki, onu necə edirlər, mən silməyi bacarmıram. Bütün virtual mollalar yas sahibini başa salmağa çalışırdılar, yenə xeyri olmurdu. Axırda hansısa dostu girib inboksunda ölü yiyəsini başa salmışdı. Həmin təbrik rəyi silindikdən sonra bilindi ki, yas sahibinin texniki bilgisində xeyli proqres yarandı.

Son vaxtlar Mark yekə bir səhv eləyib, feysbuk istifadəçiləri üçün canlı yayım şəraiti yaradıb. Bah! Gecə “yarım” arağı vurandan sonra şeir deyənə bax, xəngəl yeyənə bax, siyasi icmalçıya çevrilənə bax, qadın psixologiyasını xırdalayana bax!

Bir də görürsən, bu yandan da biri xəstəxana koridorundan şəkil paylaşdı. Əmoğlu, soruşmaq ayıb olmasın, bəs, bu nə məsələdi? Sən demə, “əmoğlumuzun” bibisi qızı əməliyyat olunub, vəziyəti ağırdı, xəstəni diyircəkli çarpayıda reanimasiya otağına aparırlar. Sübut üçün, bu da onun şəkli! Əmoğlu, bəs, bizə görə nə qulluq? Sən demə, əmoğlunun bibisi qızının bu ağır durumunda bizim dualarımıza ehtiyacı var. Əmoğlu, ayıb söhbətdi ki! Bəs, bunu bayaqdan desənə! Dost dosta nə gündə gərəkdi? Əl tutmaq Əlidən qalıb. Gücümüz çatandan, imkanımız yetəndən təşkil eləyəcəyik, necə lazımdı.

Beləcə, xəstənin şəklinin altında “Allah özü kömək olsun!” tipli yazılar biri-birinin belinə minir. Orda rəy yazanlar xəstənin sağalması üçün duaların çoxluğunu ən yaxşı həkimin müalicəsindən üstün tuturlar. Bəzən yazılan duaların bolluğundan vəcdə gələn xəstə sahibi xəstəsinin müalicəsinin başını buraxır.

Yadıma İngiltərənin əyalət şəhərlərinin birində, 2006-cı ildə baş vermiş tragikomik bir hadisə düşdü. Deməli, sahə həkimi, dindar nənə-babasının himayəsində yaşayan 12 yaşlı qız uşağının ölüm xəbərini eşidib, həmin ailəyə yoluxur. Tibbi baxış zamanı məlum olur ki, uşaq kəskin ciyər soyuqlamasından əziyyət çəkib və nəfəs çatışmazlığından boğularaq, ömrünə son qoyub. Sən demə, uşaq yataqda qızdırma ilə döyüşərkən dindar nənəsi və babası diz üstə çöküb sevimli nəvə üçün dualar edirmişlər...

Əlbəttə, İngiltərənin hüquq-mühafizə orqanları bu olaya biganə qalmır. Dindar himayəçilər azyaşlı nəvə ilə qanundan kənar davrandıqlarına, onun ağır durumu haqda yaxınlıqdakı tibbi müəssisəyə xəbər vermədiyinə və uşağın taleyini qanunvericilikdə təsbit olunmamış qeyri-müəyyən qüvvələrə ümid etdiklərinə görə barələrində cinayət işi qaldırılır.

Bu olaya paralel olaraq, yaxınlarda qardaş Türkiyədə kütləvi şəkildə səsləndirilən “dollar duası”nın ölkəni sivil dünya qarşısında necə gülünc və abdal vəziyyətə saldığını xatırlamamaq olmur.

Murad Köhnəqala
AzVision.az üçün



Teqlər: Feysbuk   Sosial-şəbəkə   Statuslar  





Xəbər lenti