Eldar Əzizov yağışdan danışdı: "Belə hadisələr Almaniyada da olur"

Eldar Əzizov yağışdan danışdı: "Belə hadisələr Almaniyada da olur"
  28 Sentyabr 2018    Oxunub:6737
“Sentyabrın 23-də Bakı şəhərinə yağan intensiv yağış müəyyən mənada lokal xarakterli təbii fəlakatdır”

Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov intensiv yağışlar nəticəsində yaranan fəsadlar və onların səbəbləri barədə danışarkən deyib.
O bildirib ki, 45 dəqiqə ərzində bir aylıq normanın 122 faizi həcmində yağış yağıb: “Leysan xarakterli yağışın yaratdığı fəsadlar nəticəsində zəif yerləri müəyyən etdik. Bununla bağlı artıq tapşırıq verilib. Komissiya yaradılıb, problemin səbəblərini araşdırırlar. Zəif yerləri nəzərə alıb, tədbirlər görəcəyik ki, gələcəkdə bu cür vəziyyətdən özümüzü sığortalayaq”.

E.Əzizov bəzi ərazilərdə subasma hallarının olmasının Bakının mərkəzində bir çox yerlərin satılması və hündürmətəbəli binaların tikilməsi ilə əlaqələndirilməsinə də münasibət bildirib.

“Gəlin tələsməyək, komissiya yaradılıb, səbəbləri araşdırırlar. Yəqin bundan sonra rəsmi açıqlama olacaq. Hadisələri qabaqlayıb nədən olduğunu demək olmaz. Amma məlumdur ki, Almaniyada, digər Avropa şəhərlərində də bu cür hadisələr olanda olur. Ona görə biz səbəblərin obyektiv və subyektiv tərəflərini ayırmalıyıq. Tam həcmdə olmasa da, müəyyən mənada özümüzü sığortalamaq mümkündür. Həmçinin komissiyanın rəyi də əhəmiyyətlidir. “Azərsu” və digər strukturların bu işdə müəyyən payları ola bilər. Amma komissiyanın rəyini qabaqlayıb, nəsə deyə bilmirəm”.

Qeyd edək ki, sentyabrın 23-də Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranmış, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basmışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər: Eldar-Əzizov  





Xəbər lenti