“Asif Atanı qəbirdən çıxarmağa məcbur olduq...” – Sirrli dəfnin tarixçəsi

“Asif Atanı qəbirdən çıxarmağa məcbur olduq...” – Sirrli dəfnin tarixçəsi
  06 Sentyabr 2018    Oxunub:28207
Murad Köhnəqala
AzVision.az üçün

Bu yaxınlarda Asif Ata Ocağının təmsilçisi Düzgün Atalı (Kərəm bəy) ilə görüşüb çay içdikdən sonra qərara gəldim ki, söhbətimizin maraqlı olan yerlərini sizinlə də bölüşüm. Demək, Kərəm bəy 1988-ci ildən Atanın Ocağına gedib və təxminən bir ildən sonra Mütləqə İnamı qəbul edib.
Mən: Düzgün bəy, demək, Asif Ata Ocağına lap gənckən getmisən.

Düzgün: Bəli, cavan, indiki kimi millətini sevən, idmançı oğlan idim. O vaxtlar Ataya hər tərəfdən təzyiqlər olurdu, məclislərimizə KQB tərəfindən öyrədilmiş dindar gənclər gəlir, aranı qatıb, münaqişə yaratmaq istəyirdilər. Belə olanda Ata zala müraciət eləyər, onları zaldan çıxarın, deyərdi. Yəni, Ataya hörmətin yoxdursa, burada sənin nə işin var? Belə təxribatçıları çox vaxt mən çölə ötürürdüm.
Həə, bu heç, belə şeylər çox olub. Qaldı ki, mən özüm dindar ailədə böyümüşəm. İdealım isə Şah İsmail Xətai olub. Asif Atanın Ocağına gəldikdən sonra dinlər haqda təsəvvürüm dəyişdi.

Mən: Necə düşünürsən, Ata özünü peyğəmbər sayırdımı?

Düzgün: Yox, qətiyyən yox! Çünki, Atanın yaydığı din yox, qədim türk inanclarının, türk dünyagörüşünün toplusudur. Bizim Mütləqə İnam Zərdüştlüyə, Hürrəmliyə, sufiliyə, hürufiliyə qohum inancdı. Ata bütün ehkamçılığı rədd edirdi.

Mən: Ehkamları qəbul eləmirdisə, bəs niyə inanclılar Atanın əlini öpürdü?

Düzgün: Biz Atanın əlini qorxudan yox, sevgidən öpürdük. Bu, bir könül işidir, burda məcburiyyət yoxdu. Bir övlad atasının əlini necə öpərsə, biz də eləcə. Adətən, qullar öz ağasının əlini qorxudan öpür, ancaq bizimki qorxu yox, Ataya məhəbbətdi. Ata fəlsəfə ilə inancı birləşdirən bir insandı.

Mən: Mütləqə İnam nə deməkdi?

Düzgün: Biz dünyanı olduğu kimi qəbul edirik, Ata düşüncəsinə görə dünya öz mahiyyətindən yaranır. Bu fəlsəfəni başa düşmək üçün onu duymalısan. Atanın mərkəzi ideyası insanlaşmaq, insanlaşdırmaqdır. Yəni, insan əbədi deyil, əbədi olan insanlıqdır! Dinlər insanı hansısa naməlum qüvvələrin qarşısında qul olmağa, köləliyə məcbur edir, bizim inancımız isə insanı azadlığa və kamilliyə səsləyir. Biz dini-mifik qorxularla insan ruhunun zədələnməsinin əleyhinəyik.

Mən: Bəs Ata Ocağı spirtli içkilərə necə baxır?

Düzgün: Mütləqə İnam süni fərəh yaradan heç bir maddəni qəbul etmir, insanı öz idrakının gücünə söykənməyə çağırır. Lakin heç nəyi qəti şəkildə qadağan etmir, heç nə ilə qorxutmur, heç bir cəza növü kəşf etmir. Bu yerdə, sadəcə, Dədə Qorqud qınağına söykənir.

Mən: Çox istərdim ki, Azərbaycanda Atanın tərtib etdiyi təqvimə keçilsin.

Düzgün: Bəli, əslində Atanın bu təqvimi bütün türk dünyası üçün nəzərdə tutulub. Məsələn, bizdə yeni il Günəş ayının (martın) biridir. Yaxud, toya bizdə beşikbaşı deyilir. Yəni, evlənmənin əsasında dünyaya yeni insanın gəlməsi dayanır. Körpənin isə ilk evi beşikdir.

Mən: Yaxşı, toy belə adlanır, bəs yas? Yeri gəlmişkən, Atanı necə dəfn etdiniz?

Düzgün: Atanın ölümünün böyük bir tarixçəsi var. O vaxtlar hətta şayiələr yaydılar ki, guya Atanı dikinə basdırmışıq. Əslində necə idi. Ata vəsiyyət etmişdi ki, biz ayrıca bir torpaq sahəsi götürüb öz qəbiristanlığımızı yaradaq. Sözsüz ki, xurafatçı kütlənin arasında bunu eləmək qeyri-mümkündür. Ancaq biz Atanı Beyləqan rayonunda bir qardaşın ayırdığı xüsusi məkanında öz inancımız üzrə dəfn etdik.

Mən: Necə yəni?

Düzgün: Biz onu mavi parçaya bürüyüb, üzü Günəşə sarı torpağa tapşırdıq. Qəbrin üstünü isə altı dirəklə əhatələdik. Sonra həmin dirəklərin üstünü halə şəklində birləşdirdik. Bu altı dirək inancımızın altı sütunu deməkdir:
1. Mütləqə İnam
2. Kamil insan
3. Müstəqil Vətən
4. Ruhani (insani) cəmiyyət
5. Özümlü Şərq
6. Ləyaqətli bəşər
Dirəklərin üstündəki lövhəyə isə Ataçılığın əsas prinsipini yazdıq: “İNSANLAŞIN, İNSANLAŞDIRIN! BƏŞƏRİN NİCATI İNSANLAŞMAQDADIR!”

Bundan sonra... Sonra deyəndə ki, həmin günün sabahısı Molla Aydın adlı biri ətrafdakı avam camaatı bizim üstümüzə qaldırdı. Camaata bəyan elədi ki, burada bir kafir basdırılıb, biz müsəlmanlar buna yol verə bilmərik! Çox gərgin bir vəziyyət yaranmışdı, adamlar qəbrin açılmasını tələb edirdilər. İş o həddə çatdı ki, Atanın qohumları məcbur olub, qəbri açdılar və onun nəşini doğulduğu Ağstafa rayonuna apardılar. Biz Atanı Ağstafada dəfn edərkən yalnız öz inancımız üzrə qəbirüstü çıxışlar edə bildik. İnancımıza dəxli olmayan adamlar isə onu yenə əlimizdən alıb molla qaydası ilə basdırdılar.

Mən: Düzdür, bir söhbətlə bu işlərin hamısı çözüləsi deyil, sağlıq olsun, görüşərik!

Düzgün: Sağlıq olsun! Yükümüzdən böyük şərəfimiz yoxdur!



Teqlər: Asif-Ata  





Xəbər lenti