Vaqif Bayatlı: “Ad çəkməyə qorxuram...” - MÜSAHİBƏ

Vaqif Bayatlı: “Ad çəkməyə qorxuram...” - MÜSAHİBƏ
  18 Oktyabr 2013    Oxunub:1511

“Seçkidə iştirak etmədim”.

AzVision.az cəmiyyətimizdə tanınan və yaradıcılığı daima izlənilən yazarlarla əlaqə saxlayıb yaradıcılıq və həyatlarında baş verən yeniliklərlə oxucuları məlumatlandırır. Saytımızın bu dəfəki qonağı Vaqif Bayatlı Odərdir.

-Vaqif müəllim, hazırda nə iş görürsünüz, yaradıcılığınızda hansı yeniliklər var?

- Dünya bitmədikcə yaradıcılıq da bitən deyil. Yeni şeirlər yazıram. Doğrusu təkcə şeir deməzdim, onlar həm də əbədiyyətin bir hissəsi kimi ortaya çıxır. Tamamlansa, bu il, çatdıra bilməsəm gələn ilin əvvəli kitabım çapdan çıxacaq.

-Yalnız şeirlər toplusundan ibarət olacaq həmin kitab?

- Təkcə şeir demək olmaz. Bu, həm də ruhi topludur. İnsan ruhunun sıçrayışları olacaq. Kitabın dəqiq adına gəlincə isə bir neçə variant var, onlardan birini seçəcəm. Buna görə də ola bilər ki, bir neçə ad olsun.

-Ədəbi prosesləri izləyirsinizmi?

- İzləyirəm. Maraqlı imzalar görəndə oxuyuram. Hesab edirəm ki, ədəbiyyatımız çox yaxşı yoldadır. Heç vaxt olmadığı qədər güclü vəziyyətdədir, mən çox razıyam. Yeni nəsil gəlir.

-Yeni nəsildən kimləri oxuyursunuz?

- Yeni nəsildən mənə maraqlı olan imzaları oxuyuram. Daha çox poeziyaya üstünlük verirəm. Eyni zamanda nəsrdə də maraqlı imzalar var ki, onları da oxuyuram. Konkret imzalara gəlincə isə çoxlarını bəyəndiyimi deyə bilərəm. Ümumiyyətlə, hər bir şairin, hər bir yazarın dediyi yaxşı söz var. Elə bir yazar yoxdu ki, nə isə bir söz deməsin. Ona görə də hamısını oxuyuram və orada mütləq nə isə tapıram.

- Dünya ədəbiyyatdan yeni tərcümələr də var. Onlardan hansıları oxumusunuz?

- Mən özüm də kifayət qədər tərcümə ilə məşğul olmuşam. Həm ingilis dilindən, həm də rus dilindən tərcümələr etmişəm. Məsələn, ingilis poeziyasının ən nəhəng simalarından Tomas Eliotun 30-a yaxın şeirini dilimizə tərcümə etmişəm. Rus ədəbiyyatından, özbək ədəbiyyatından və Türkiyə türkcəsindən də çoxlu tərcümələr etmişəm. Azərbaycanda ilk tərcümə dərgisi – “Xəzər”in də redaktoru olmuşam.

- Yeni tərcümələrdən narazı olanlar kifayət qədər çoxdur. Siz nə düşünürsüz, yeni tərcümələr uğurludur?

- Tərcümə çox çətin sənətdir. Hətta yaxşı şairlər də bəzən pis tərcümələr edirlər. Uğurlu tərcümə üçün həm yaxşı şair, həm də yaxşı tərcüməçi olmaq lazımdır. Eyni zamanda yüksək zövqlü, duyğulu insan olmaq lazımdır. Yaxşı tərcümələr çoxdur amma dəqiq ad çəkə bilmirəm. Çünki, qorxuram ən yaxşı hesab etdiyim tərcüməçinin adını unudaram. Bizim həm cavanlar arasında, həm də yaşlılar arasənda çox gözəl, zəhmətkeş tərcüməçilərimiz var.

- Özünüz kitab alırsız? Hansı kitabları oxuyursuz?

- Sözün düzü, çox vaxt kitabları mənə gətirib verirlər, özüm almıram. Oxuyuram, çalışıram öz ədəbiyyatımız da, dünya ədəbiyyatını da izləyim. Ruhuma yaxın olanları hətta təkrar oxuyuram. Xüsusilə də poeziya ilə daha çox maraqlanıram. Amma elə ruhi yazılar var ki, onlarda nəzmlə nəsrin sərhədi itir. Eyni vaxtda bir neçə kitab oxumağı sevirəm. Yeni nə çıxırsa, mütləq maraqlanıram, orada yeni nə isə tapmağa çalışıram.

- Ədəbiyyadan başqa ölkədə baş verən ictimai-siyasi prosesləri də izləyirsiniz?

- Əvvəllər siyasətçilərimiz yox idi, siyasətimiz inkişaf etməmişdi, o vaxtlar maraqlanırdım, kömək edirdim. Milli Azadlıq Hərəkatı dövründə mən hərəkatın fəal iştirakçılarından olmuşam. İndi isə kifayət qədər siyasətçimiz var və Allaha şükür ki, biz öz işimizlə, ədəbiyyatla daha çox məşğul ola bilərik.

- Bəs siyasətçi yox, vətəndaş kimi seçki prosesini, debatları izlədiniz?

- Əvvəllər izləyirdim, indi izləmirəm. Allaha şükür edirəm ki, gənclər, yeni siyasətçilər yetişir. Seçkidə də isə iştirak etmədim.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti