Siyavuş Novruzov: "Deyirlər yaşı keçir, evlənməlidir..."

Siyavuş Novruzov: "Deyirlər yaşı keçir, evlənməlidir..."
  23 May 2018    Oxunub:2229
“Ailələrin dağılması ciddi problemə çevrilib”.
AzVision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə bildirib.

S.Novruzov qeyd edib ki, ailələrin dağılmasının əsas səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

S.Novruzov qeyd edib ki, mətbuat orqanları ailələrin möhkəmləndirilməsinə deyil, daha çox dağılmasına xidmət edir: "Ailədən uzaq insanları mütəmadi olaraq televiziya kanallarına çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərdən biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.

Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmağa və adam oğurluğuna görə eyni maddə tətbiq olunur. Halbuki, bu, düzgün deyil: "Bəlkə qız və oğlan bir-birilərini seviblər, valideynlər razı olmayıb, onlar da bu cür addım atıblar”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti