Dövlət Neft Şirkətində görüş -FOTO

Dövlət Neft Şirkətində görüş -FOTO
  09 Oktyabr 2013    Oxunub:1432
Dövlət Neft Şirkətində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib.
Oktyabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Almaniya nümayəndə heyəti ilə görüş olub.
AzVsison.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanla ilə Almaniya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.
ARDNŞ-nin vitse-prezidenti Azərbaycanda neftçıxarma işinin zəngin tarixə malik olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırdı. Bildirdi ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu ölkəmizdə qazılmış, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanılıb. Qeyd olundu ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə böyük nailiyyətlər qazanılıb, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa İttifaqı ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilibr. Ötən dövr ərazində neft-qaz sənayesi böyük inkişaf yolu keçmiş, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olub. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açan ARDNŞ rəsmisi qeyd etdi ki, “Şahdəniz” yatağının işlənilməsi ölkəmizin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edir. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanmış, artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin alıcıları olacaq Avropa şirkətləri ilə müqavilələrin imzalandıığı qonaqların diqqətinə çatdırıldı.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının və Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Eduard Lintner bildirdi ki, nümayəndə heyətində Avropa Parlamentində Almaniya Federativ Respublikasını təmsil edən deputatlar, Almaniyanın federal və torpaq parlamentlərinin deputatları, habelə nüfuzlu ictimai-siyasi xadimlər, hüquqşünaslar və jurnalistlər təmsil olunur. Bu adamlar Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin daha da genişləndirilməsini istəyir.
Sonda nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar ətraflı cavablandırıldı.

Qalereya




Teqlər:





Xəbər lenti