İncəsənəti sevən “avtoritet” – Azərbaycanın kriminal tarixi

İncəsənəti sevən “avtoritet” – Azərbaycanın kriminal tarixi
  25 Aprel 2018    Oxunub:22121
Bəhram Çələbi
AzVision.az üçün

Bəzən kriminal aləmin tanınmış simaları, avtoritetlər incəsənət aləminə böyük maraqları və yaxınlıqları ilə seçilirlər. Azərbaycanın kriminal tarixində də belə şəxslər olub. Onlardan biri “Doktor Ağoppa”, “Marşal”, “Filosof” adları ilə tanınan Ağababa Musa oğlu Babayevdir.
Onun ədəbiyyat və incəsənət aləmindəki dostlarının siyahısı hamını mat qoya bilər: Əliağa Vahid, Səttar Bəhlulzadə, Xəlil Rza, Tofiq Bayram, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Qabil İmamverdiyev, Fikrət Əmirov, Nardaranlı Hacı Mail, Həsənağa Salayev, Adil İsgəndərov, Lütvəli Abdullayev, Rza Təhmasib, Nəsibə Zeynalova, Fatma Mehrəliyeva, Hacıbaba Hüseynov, Sara Qədimova, Mirzə Babayev, Bəxtiyar Vahabzadə, Nazim Hacıyev (AKP katibi), Mehdi Hüseyn, Nəbi Xəzrı, Qulam Məmmədli (jurnalist), Miri Seyidov, Hacı Məmmədov, Qarmon Zakir, Sali Süleyman, Yaşar və Adil Babayevlər, Banişevski, Tofiq Ələsgərov, Memar Əmir...

Kim idi “Doktor Agoppa” və bu qədər tanınmış insanlarla necə münasibətlər yarada bilmişdi?

O, 1926-cı il dekabrın 15-də Bakıda anadan olub. 1944-cü ildə hamının “haramzadə”, “qırmızısifət” adlandırdığı sahə inspektorunun hərəkətin dözməyərək, onu “Sovet” və “Şors” küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirib, tabel silahını əlindən alıb. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir.

Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı “Nadir şah”qazamatna etap edirlər. Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir. Semipalatinsk hərbi hissəsində yeni gəlmiş “salabonlar”la “ded”lər arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağababa “komissovat” olunur.

1946-54-cü illər arasında 16 nəfərlik “təcili yardım ” dəstəsinə başçılıq edən “Doktor Ağoppa” həbs olunur. İstintaq zamanı aydın olur ki, o, 1947-ci ildə Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb.

10-cu koloniyada oturduğu zaman qaldırdığı “zamorozkaya” görə, Moskvanın “Butırka” qazamatına göndərilir. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunur. 1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.

Kriminal aləmdəki dostları: Göygöz Sabir, Pəncəlioğlu Cabir, TT Nəriman, Bığ Nəriman, Göygöz Pərviz, masazırlı Dilavər, masazırlı Ağakərim, dağlı Müğbil, Səfəroğlu Cavanşir, gəncəli Cayıl Ənvər, Meyranqulu, Novxanılı Əhməd, Çadrovı Tahir, NZS Ağa, Kutuzov Çingiz, Brilyant Ağakərim, Təkdəst Ağoppa...

* * *

...Ağoppanın atası Musa Babayev 1937-ci ildə bir çox zəka sahibləri kimi Mir Cəfər Bağırov rejiminin repressiya qarmağına ilişir. Təchizat nazirliyində çalışdığı dövrün sənədlərini NKVD əməkdaşları nə qədər eşələsələr də, Musa Babayevi qandallamağa bəhanə tapa bilmədiklərindən, onu zindandan buraxmaq zorunda qalıblar. Amma Sov.İKP sıralarından kənarlaşdırıblar.

İkinci dünya müharibəsi başlayandan Babayevlər ailəsi bir çox çətinliklərlə üzləşdi. Çoxuşaqlı külfətinin təminatını ödəmək məqsədilə şəhərin mərkəzindəki mənzilini satan Musa kişi “Sovetski”dəki “Həmşəri bazarı” həndəvərində ev alır. 1943-cü ildə böyük oğlu Marklen (Marks-Lenin) Ukraynanın Dnepropetrovsk rayonunda gedən döyüşlərdə itkin düşdükdən sonra Musa kişi bütün rahatlığını itirir. Dəfələrlə hərbi komissarlığa gedir, oğlu barədə bir xəbər öyrənməyə çalışsa da, etinasız münasibətlərdən mütəəssir halda evə qayıdırdı...

Ağoppanın söhbətlərindən:

- Rusiyadakı koloniyada tam başqa mövzuda söhbətlər gedirdi. Maraqla qulaq asırdım məndən böyük, həqiqətən oğurluqla, cibgirliklə, kukla qoymaqla gündəliklərini qazanan zeklərin danışıqlarına. Arxangelskdən sonra mən yenidən yatab olundum, zonda zamorozka yaratdığımı bəhanə gətirdilər. İstintaq zamanı dəhşətli işgəncələrə məruz qalsam da, podelniklərimi ələ vermədim. Məni Şimali Urala, bütün məhbusların zolaqlı zek paltarları geyindiyi İrkutska yatab göndərdilər. Burada salamat qalmaq üçün sözün əsl mənasında vuruşmaq tələb olunurdu. Buradakı residivistlər, qəssablar, domuşniklər, şipaçlar məni “Filosof” adlandırdılar.

Bədənimin arıq olmasına baxmayaraq, elə polasatıy zona qədəm qoyan kimi şmon aparan starşinanın boğazını cırmaqlarımla qana boyadım. O, Arxangelskdəki zonda xlebnikim Salyanlı Tahirin mənə bağışladığı keçi dərisindən olan canlığı əlimdən almağa girişmışdi. O vaxtlar az-çox məhbəs qanunları işləyirdi, dedovşinadan müdafiə, zəiflərin qayğısı prinsipləri qorunurdu. Məhbəs qanunlarını qoruyanlar əqidə sahibləri, qanuni oğrular idi. Tezliklə mənə kimin kim olduğu aydınlaşdı. Starşınaya bədən xəsarətləri yetirdiyimə görə məni vertuxaylar və speslagerin kiçik çinli zabitləri pressxataya salıb, sındırmaq istəyirdilər. Lakin zonada hətta xozeyin və kumun da çəkindikləri Kolıma Şahlar (“Kolımskiy Şax”) mənə qəmhar çıxmaqla həyatımı xilas etdi. İkitərəfli sətəlcəmlə xəstələnmişdim. Şahların köməyi və lepilaya (həkimə) verdiyi lave (pul) sayəsində lazaretə düşə bildim...

Ağababanın incəsənət aləmilə bağlı fikirləri və əhvalatları heç də daha az maraq doğurmurdu. O, Rübabə xanımı “muğam övliyası” adlandırır, Zakirin qarmonda ifası üçün deyrdi ki, “yaşadığımız dərdlərə ağlayır, ümidlə gözlədiyimiz gələcəkdən müjdə verir”. Səttar Bəhlulzadəni Hacı Zeynalabdin Tağıyevlə müqayisə edirdi: “Hacı general müşaviri kitelini asdığı mismarın yanından keçmişdə yük daşıdığı palanını da asırdı. O, tanındıqca, varlandıqca sadələşir, müdrikləşir, dahiləşirdi. Səttarın da daxili aləminin zənginliyi, keçirdiyi hisslərin coşğunluğu, xalqımıza qoyub getdiyi təmənnasız xidmətləri hesaba gəlməz”.

Bəhlulzadənin bir illik yas məclisində “Doktor Ağoppa”nın danışdıqlarından:

- Sağlığında biz ustadımızın doğum günündə yığışar, yad edərdik. İndi onun yerini dünyadan köçdüyü an, saat əvəzləyir. Tanrı onun görkəmini səhmanlamış, içini isə özünə tapşırmışdı. Lənətə gəlmiş “Avrora” olmasaydı, Səttar hələ çox yaşayardı. Həmişə ona deyərdim ki, heç olmasa bu siqaretin filtirlisini çək. Qayıdırdı ki, onların tüstüsü lazımi yerə çatmır. Uşaqlığından, yeniyetməliyindən onu tapan dərd-sərdən Səttar özü, içində əritdiyi ağrı-acılardan isə “Nar”, “Gözəllər”, “Şah nabat”, “Söyüd ağacı”, “Məcnunlardan biri” kimi əbədi əsərlər doğuldu.

Novruza bir gün qalmış Müğbil, Gülmurad və mən Səttarı yoluxmağa gəldik. Hələ qapının ağzında olarkən içəridən Şövkət xanımın yanıqlı səslə oxuduğu “Şəbu hicran”ı eşitdik. Ehmalca qapını araladım - Səttar döşəməyə sərdiyi balaca süfrənin arxasında bardaş qurub oturmuşdu. Qarşısındakı nimçədə iki şəkərbura və yarısı yeyilmiş şorqoğalı... Səttar nəzərlərini şirniyyatlara dikərək, elə dərin xəyala dalmışdı ki, qapının açıldığını hiss etməmişdi...

O, Məhəmməd Füzuli və “Leyli və Məcnun” əsəri ilə bağlı çoxsaylı rəsmlər çəkirdi. Bunlardan ən çox sevdiyim “Məcnun ağlar, şam ağlar”, “Şamü-qəriban”, “Füzulu və Məcnun” əsərləri idi.

Son vaxtlar həmişə dekabrın 15-də onun ad gününü qeyd etməyə toplaşardıq. Səttar məclisə yığışan dostları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra yandakı otağa keçib bir xeyli şam gətirdi. Hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına düzdü, otağın işıqlarını söndürüb titrək əlləri ilə qolumdan yapışdı: “Ağoppa, gəlin ağır-ağır “Şəbi-hicranı” oxuyaq”,- dedi. Otaqda olanların hamısı onunla bahəm oxumağa başladı. Mənə elə gəldi ki, həmin an Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrildi...

Onun hər zaman boyalı olan əlləri, parıldayan gözləri xəstəlikdən saralmış vəziyyətdə idi. Səttarın bu halını görüb çox pis oldum və üzündən öpərək, tibbi komissiyaya aparmaq üçün dilə tutdum. Onu Sabunçudakı xəstəxanaya apardıq, sarılıq diaqnozu qoydular. Hər gün ona gül, meyvə aparırdıq. O, həmin gül və meyvələrin şəkillərini çəkib divarlara yapışdırırdı.

Həmin ərəfədə həm də onun Moskvada ilk fərdi sərgisi açılmalı idi. Öz sərgisində xəstə olsa da, iştirak etmək istəyən Səttar:
- Oğlum yox, qızım yoxdur ki, toylarını eliyəm. Özümün də toyum olmayıb. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılacaq, lakin həkimlər icazə vermirlər ki, gedib öz toyumu görüm. Bilmirəm, neyləyim? – deyir.

Bəxtiyar Vahabzadə və mənim xahişimizdən sonra baş həkim Mehdi Quliyev ona heç bir yoluxucu xəstəliyi olmaması barədə arayış verdi. Tezliklə Səttarı qatarla Moskvaya yola saldıq.

Sərgidə güclə ayaq üstündə dayanan rəssamın halı sonradan daha da pisləşdi. Ertəsi gün onu Petrovski adına xəstəxanaya apardıq. Üç gündən sonra əməliyyat olundu. Onu əməliyyat etmiş cərrah Çernousova hörmət etmək istədim.
- Heç bir hörmət lazım deyil, Aqaşka, - dedi.- O, mələk kimi müqəddəsdir, allah adamıdır. Onun xəstəliyi xeyli şiddətlənib. Qara ciyərində xərçəng var. Bir il, bəlkə də altı ay yaşayar. Bir də Moskvaya gətirməyin. Havayı zəhmətdir...
Əməliyyatdan sonra xəstəliyi haqqında heç bir məlumatı olmayan Səttar Bakıda qatardan düşərkən onu qarşılayan insanlara:
- Xoş gördük, dostlar. Sağ-salamat gəlib doğma torpağa yetişdiyimə görə çox xöşbəxtəm, - deyir.

(Ardı var)



Teqlər: Kriminal-dünya   Qanuni-oğru   Avtoritet  





Xəbər lenti