Valideyni olmayan tələbələrə ikiqat təqaüd verilir

Valideyni olmayan tələbələrə ikiqat təqaüd verilir
  23 Aprel 2018    Oxunub:1605
Tibb Universitetində valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir.
Universitetin mətbuat xidmtindən AzVision.az-a verilən məlumata görə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin dəstəklənməsi dövlət üçün prioritet məsələlərdən biridir. Azərbaycan Tibb Universiteti bu dövlət siyasətinin tərkib hissəsi olaraq valideyn dəstəyindən məhrum olan tələbələrinə yardım göstərir, onlara ikiqat təqaüd verilməsini təmin edir.

“Təhsil haqqında” AR qanununa əsasən, 18 yaşına qədər valideyn himayəsindən məhrum olan uşaqlar 23 yaşına qədər bir çox imtiyazlardan yararlana bilirlər. Azərbaycan Tibb Universiteti isə 18 yaşından sonra valideyn himayəsindən məhrum olan tələbələri (23 yaşınadək) dəstəkləyir. Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunmuş və müvafiq əmrlə 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınmışdır.

Bu humanist addımın məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir. 18 yaşından sonra valideyn dəstəyindən məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.

Qeyd edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun onlarla tələbəsi bu imkandan yararlanıb.

AzVision.az


Teqlər: Tibb   Universitet   Təqaüd  





Xəbər lenti