"BMT Azərbaycanla əlaqələrə önəm verir" - Miroslav Layçak
Tərəflər Azərbaycan-BMT əlaqələri barədə geniş fikir mübadiləsi apardılar və münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər. E.Məmmədyarov Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini vurğuladı və bu xüsusda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Şuraya sədrlik dövründə fəaliyyəti barədə danışdı. O, həmçinin ölkəmizin BMT-nin ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi.
M.Layçak BMT-nin fəal üzvü kimi təşkilatın Azərbaycanla əlaqələrə önəm verdiyini və münasibətlərin dərinləşməsində Azərbaycanın səylərinin, BMT-nin təşəbbüsü ilə təşkil olunmuş qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini vurğuladı.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu, eləcə də gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb etdiyi halda, Ermənistanın bu tələblərə əməl etmədiyini və güc tətbiq edərək Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini vurğuladı.
Görüşdə BMT Baş Assambleyasının gündəliyində duran məsələlər, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az