10200-ə yaxın yeni iş yeri açılacaq

10200-ə yaxın yeni iş yeri açılacaq
  05 Oktyabr 2013    Oxunub:1303
Şəkidə sahibkarlara 638 min manat güzəştli kredit verilib.
AzVsison.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) oktyabrın 4-də Şəki rayonunun Aşağı Laysqı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində növbəti tədbir keçirib.

AzərTAc xəbər verir ki, Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonların iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, iştirakçılara Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və kiçik cins heyvandarlıq təsərrüfatlarının nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, 2013-cü ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə 3527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına 10 min 200-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq. Diqqətə çatdırdı ki, indiyədək Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 investisiya layihəsinin maliyyələşdirilməsinə 88,3 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığa Kömək Milli Fondunun “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və yeni internet səhifəsi barədə məlumat verən fondun icraçı direktoru dedi ki, bu sistemin köməyi ilə sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Belə ki, sahibkarın güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proseslər elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı fondun rəsmi internet səhifəsinə www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat güzəştli kredit verildi. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində Şəki rayonunun Daşüz kəndində güzəştli kredit hesabına maliyyələşdirilən ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik zavodun tikintisinə baxış keçirildi.


Teqlər:  





Xəbər lenti