Jurnalistlər müəllimlərini belə xatırlayırlar - SORĞU

Jurnalistlər  müəllimlərini belə xatırlayırlar  - SORĞU
  05 Oktyabr 2013    Oxunub:4961
Bir şagird tanıyıram...Küncdə bir ayağı üstdə dayanıb, boynubükük halda müəlliminə baxır...Sanki dünyanın ən böyük cinayətini işləmiş kimi, yerində sakit oturan tələbələrin nəzərindən utanır...Ən əsası, valideynlərinin onu məktəbə göndərmək üçün aldığı `çanta`dan utanır...
Dərsdə, müəlliminə qulaq asmadığı üçün başına atdığı səsindən utanır...Bir də nadinclik edəcəksənmi? sualını soruşsun deyə, müəlliminin düz gözünün içinə baxır...


Hamımıza tanışdır bu şagird. O şagird sən olmusan, mən olmuşam, o olub..Müəlliminin iki dodağı arasından çıxacaq “keç otur yerinə” deməsi ilə bütün uşaqlıq dəcəlliklərimizdən əl çəkə biləcəyimizə hamımız inanmışıq...Amma yenə də bu inancımız, yerimizə oturana qədər çəkib...

Bu gün həmin o küncdə duran şagirdlər - sən, mən, o, böyüyüb- hakim, həkim, jurnalist , kosmonavt, politoloq, filoloq, müəllim olmuşuq. Kim oluruqsa, olalım, yenə də o gözünün içinə baxdığımız müəllimimizi belə unutmamışıq.

AzVison.az mətbuatımızın gənc jurnalistlərinə həmin o müəllimlərini xatırladıb.

“Əcəb eləmişəm” dediyimə peşman oldum...



Modern.az saytının əməkdaşı Anar Rüstəmov deyir ki, orta məktəbi 10 il əvvəl bitirsə də, o günləri dünən kimi yadındadır.
“Məktəbdə ən sevimli müəlliməm ibtidai sinif müəlliməm Almaz xanım idi. O bizə müəllim deyil, ana kimi rəftar edirdi. Hətta indi mən yolum İsmayıllıdan düşəndə ilk işin onu ziyarət etmək olur, məni jurnalistikaya yönəldən də məhz o idi. İnanın heç vaxt nə müəllim şagirdi, nə də şagir məktəb illərini unuda bilməz. Müəllimlərdən demək olar ki, hamısı ilə münasibətim yaxşı idi, bir tək tarix müəllimindən başqa. Onunla heç yola getmirdik. 11-ci sinifin ilk dərs günü hamı təzə paltarlarını geyinib məktəbin həyətində düzülmüşdü. Əvvəlcədən də tapşırılmışdı ki, dərsə qara kostyum ağ köynəkdə gələrsiz. Mən isə cins şalvarda getmişdim. Bunu görən həmin tarix müəllimi bütün məktəbin qarşısına məni çağıraraq belə niyə geyindiyimi soruşdu. Mən də “əccəb eləmişəm” dediyimə peşman oldum. Sonrasını deyim ki, müəllimlə qəşəng dalaşdıq. Bundan sonra onun dəsrlərinə girmirdim, danışmırdıq. Amma universitetə qəbul olandan sonra səhvimi başa düşüb getdim üzr istədim barışdıq. İndi də hər dəfə məni görəndə məktəbdəki davamızdan danışır”.

“Həmişə “Matryoşka” görəndə müəllimimi xatırlayıram...



Qafqazinfo. az saytının əməkdaşı Günel Əbilovanın müəllim deyəndə ilk olaraq ağlına tarixdən hazırlıq müəllimi Zaməddin gəlir:
“Onunla bağlı çoxlu xatirələrim var. Birini danışmaq istəyirəm. Deməli, dərsimiz Şirvanşah I İbrahimin Teymurilər dövlətinin qurucusu Teymurun hüzuruna getməsi idi. Hadisə belə olub ki, İbrahim qiymətli hədiyyələrlə yanaşı Teymurun hüzuruna 8 qul da aparıbmış. Apardığı qiymətli əşyaların hamısının sayı 9 olub, təkcə qullardan başqa. İbrahimdən soruşanda ki, niyə 8 qul gətirmisən? O, cavabında “9-cu qul mən özüməm”deyib. Müəllim də eyni sualı mənə verəndə cavabımda demişəm ki, “hər şeydən 9 aparmışdı, özündən isə 8”. Müəllim də bu zaman tənbəllik etməyib “Matryoşka” gətirib, bir –bir çıxararaq gülə-gülə mənə deyirdi ki, deməli, İbrahim belə özündən 8-ni aparmışdı. Həmin gün çox gülmüşdük. Həmişə “Matryoşka” görəndə onu xatırlayıram”.

“Müəllim ona dedi ki, get, bir şokolad al, qiymətini 4 edim...



Jurnalist İlkin Pirəlininsə öz sözlərinə istinad etsək, görünür dəcəl şagird olub.
“Orta məktəbdə təhsil aldığım müddətdə müəllimlərlə bağlı kifayət qədər mənfi fakt yadımda qalıb. Demək olar, yaxşısı yoxdur. Yadımda qalan gülməli, həm də acınacaqlı hadisələrdən birini deyim. Deməli, 7-ci sinifdə oxuyurduq, sinif yoldaşım Azərbaycan dilindən rüblükdən 3 qiymət almışdı. Həmin qiyməti "4" etmək istəyirdi. İki gün vurnuxdu, axırda müəllim ona dedi ki, get, bir şokolad al, qiymətini 4 edim. Bu da getdi, şokoladı aldı, qiymətini düzəltdi. Bu fakt sinif yoldaşımın yadından çıxsa da, mənim yadımdan çıxmaz. O müəllimdən heç xoşum gəlmirdi, ona görə də adını çəkmək istəmirəm”.

Universitet müəllimini isə Pirəli belə xatırlayır:
“Ali məktəbdə - Bakı Slavyan universitetində, demək olar, bütün müəllimlər demokratik düşüncəli idi. Nə qədər desəniz, maraqlı fakt deyə bilərəm. Bir dəfə qrupumuzdan bir neçə tələbəni televiziyaların birində verilişə çağırmışdılar. Veriliş də böyük sənətkar, yazar Etimad Başkeçidin dərsi ilə eyni vaxta düşürdü. Gedəndə Etimad müəllimi yolda gördüm, dedi, İlkin Pirəli, hara gedirsən? Dedim, televiziyada verilişə çağırıblar, mütləq getməliyəm. Gülə-gülə dedi, indi sən məni radikal islamçılarla auditoriyada tək qoyursan? Qeyd edim ki, qrupda ən çox mübahisəyə səbəb olan mövzu din idi. O da həmişə Etimad müəllimin dərsində müzakirə olunurdu. Doğrusu, universitetdə tələbə-müəllim münasibətləri yüksək səviyyədə olub. Yeri gəlmişkən, peşə bayramı münasibətilə bütün müəllimləri, xüsusilə universitet müəllimlərimi təbrik edirəm”.

“Atam, məndən xahiş etdi ki, müəlliməmlə dost olum...


“Salamnews” saytının müxbiri Amid İsbəndərov isə deyir ki, Azərbaycanda pis müəllim yox, pis tələbə var.

“Bəzi “şagirdlərdən” fərqli olaraq mən hər zaman müəllimlərimin sözünə və verdikləri biliyə qiymət vermişəm. Təbii ki, digər şagirdlər kimi, mənədə də ilk qələm tutub yazı yazmağı öyrədən Mehbarə müəlliməm olub və bu gün də o yaşıyır. Allahdan ona can sağlı və şəfa diləyirəm. Onunla bağlı belə bir hadisə yadımda qalıb: “Mənim atam işləmək üçün Rusiyanın İrkutsk şəhərinə gedirdi. Günlərin bir günü atam Rusiyadan vətənə gəldi. Gəldiyi gün isə mən dərsdə idim. Lakin atamı görmək və onun üçün çox darıxdığımdan müəllimədən icazə almalı oldum. Ona atamın Rusiyadan ətir gətirdiyini dedim. Vurğuladım ki, sabah o ətiri sənə gətirəcəm. Müəllimə çox sevindi. Evə gəldim atamla görüşdükdən sonra, onun Rusiyadan gətirdiyi sumkaları nə qədər eşələdimsə ətir çıxmadı. Atam və anama müəlliməyə ətir aparacağımı da demədim. Səhər açıldı dərsə getməliyəm. Axı mən şagirdlərin qarşısında müəlliməyə ətir söz vermişəm o da yoxdur necə edim sualını özümə verdim? Qərarə gəldim ki, ətir alana kimi dərsə getməyib. Evdən dərs adı ilə çıxıb məktəb getmək əvəzinə, utandığımdan məktəbə yaxın yerə oturub dərs vaxtı bitənə kimi gözləyib sonra evə gedirdim. Evdə də elə bilirdilər ki, mən dərsdəyəm. Artıq üzərindən bir həftə keçib. Müəlliməm bizə gəlib valideyinlərimə mənim dərsə gəlməməyim barədə məlumat verdi. Atam və anam müəlliməmə məni dərsə göndərdiklərini dedilər. Valideyinlərim mənə niyə dərsə getməmisən sualın verdikdə və onlara məcbur olub səbəbini dedikdən sonra atam mənə onunla dost olmağımı xaiş etdi və bildirdi ki, hər zaman olduğu kimi nə vaxt lazımdırsa yenədə mənə hər cür kömək edəcəyini söz verdi. Məni Lənkəran bazarına gətirib müəlliməm üçün ən yaxşı ətir aldı. Tələbə yoldaşlarımın qarşısında müəlliməmə verdiyim sözü yerinə yetirmiş kimi, ətiri də özümlə götürüb dərsə yollandım. Amma həmin gün müəlliməm onu məndən almadı”.

“Süpürgə pulu çox yığırdı...



Virtualaz.org saytının müxbiri, İlkin Muradov bütün müəllimlərini sevdiyini deyir:
“Müəllimlərimin hamısını çox sevmişəm və indi də sevirəm. Amma təəssüflər olsun ki, bəziləri artıq dünyasını dəyişib. Müəllimlərimdən sevmədiyim olmayıb, amma münasibətimizin yaxşı olmadığı müəlliməm sinif rəhbərim olub. Bir az rüşvətxor idi. Fond pulu, qəzet pulu, süpürgə pulu çox yığırdı. Amma sözsüz ki, ən yaxşı bildiyim fənn onun dediyi fənn idi”.

“Təkcə müəlliməmiz deyildi, mənəvi anamız idi…



Araz fm-in aparıcısı Qumru Mustafayeva üç məktəb dəyişdiyi üçün müəllim baxımından özünü şanslı hesab edir, biologiya, azərbaycan dili və ədəbiyyat müəllimini, Universitetdə Teleradio jurnalistikası fənnini tədris edən Aynur Nəsirovanı sevimli müəllimləri kimi xatırlayır:
“Yadımdadır, 5-ci sinifə yeni məktəbə keçmişdim və biloogiya müəlliməmiz Aypara xanımın dərsiydi. Məni lövhəyə çağırdı və sorğu-sual etdi. Mən bir az tez-tez və hündürdən danışan idim deyə uşaqlar danışdığımdan heç nə başa düşmürdü və hamısı güldü. Həmin an pis oldum, amma Aypara xanım uşaqlara acıqlandı və mənim cavablarımı bəyəndi. Hətta dedi ki, görün nə gözəl, səlist danışır. Aypara xanımın ən sevdiyim xüsusiyyəti isə o idiki, heç vaxt şagirdə biliyindən artıq qiymət vermirdi. Azərbaycan dili və ədəbiyyat müəllimimiz Seva xanımı ona görə sevirəm ki, mənə ədəbiyyatı sevdirən, bədii ədəbiyyat oxumağa vadar edən ilk müəlliməm olub. Onun sayəsində mən artıq məktəb vaxtlarından həm Azərbaycan, həm də dünya ədəbiyyatından kifayət qədər əsərlər oxumuşdum. Amma, 11-ci sinfin sonlarında o mənə bir dəfə çox böyük haqsızlıq etdi”.
“Bir də həmişəlik sevəcəyim müəlliməm Universitetdə Teleradio jurnalistikası fənnini tədris edən Aynur Nəsirova olub.
Fakültədə tək-tək müəllimlərdəndir ki, təlıəbələrə daim dəstək olub, bunu jurnalistikanın bütün tələbələri deyir. Əslində aynur xanım təkcə bizim müəlliməmiz deyildi. Biz ona həmişə deyirik ki, Aynur xanım siz bizim mənəvi anamızsınız. İndi də belədi mənə görə. Ona sevgim sonsuzdur.
2 sevmədiyim müəllimim olub, olub biri Universitetdə, biri də məktəbdə. Belə bir deyim varki, əgər qarşındakından xoşun gəlmirsə, onun da səndən xoşu gəlmir. Həmin, bu iki müəllimimlə belə situasiya yaşayırdıq”.

“Allah ona rəhmət eləsin…




Milli.az xəbər portalının müxbiri Teymur Hacıyev ibtidai sinif müəlliməsini pis xatırlayır:
“Sevmədiyim müəllimlərimi daha çox xatırlayıram. İbtidai sinif müəlliməm isə şagirdlərin ailə vəziyyətinə görə, onlarla davranış formasını seçirdi/ Ən sevdiyim müəllim isə BDU-nun filologiya fakultəsinde Ağa Laçınlı idi. Allah ona rəhmət eləsin”.

“Savadsız şagirdlərə 5 verirdilər, nə var nə var, filan müəlimin qızıdır...




AzNews.az saytının müxbiri Bahar Rüstəmli fizika və kimya müəllimlərini gözəl xatırlayır.
“Mən onlara həmişə dəyər verdim. Həmişə sözün düzünü və şagirdi biliyinə görə qiymətləndirirdilər. Çalışırdılar ki, şagird bilikli olsun, bildiyini şagirdən əsirgəmədilər. Allah onlara rəhmət elsin. Mən həmişə onları əsl müəllim hissiyatına, müəllim adını uca tutduqları üçün sevdim.. Onlarla bağlı xatirələrim çoxdur. danışmaqla bitməz. Amma nifrət etdiyim müəllimlər də vardı. Onları sevmədiyimin bir səbəbi vardı. Onlar əlaçı şagirdin haqqını müəllim həmkarının balalarına verirdi. Savadsız şagirdlərə 5 verirdilər, nə var nə var, filan müəlimin qızıdır deyə. Amma sonra onlar heç texnikuma da daxil ola bilmədilər. Belələrinə müəllim adı yaraşmır”.

“Son dərsdə onu alqışlarla yola saldıq...



`Apa`-nın əməkdaşı Şamil Əlibəyli ən sevdiyi müəllimlərinin Azərbaycan Dillər Universitetində olduğunu deyir:
“Tarix müəllimimiz bizə fənndən o qədər maraqlı şeylərdən danışırdı ki, onu sevməmək mümkün deyildi, son dərsdə hətta onu alqışlarla yola saldıq. Eyni ilə bizim Nitq Praktikası fənndən olan müəllimlərimizi sevirdim. Onlar həm gözəl, həm də çox savadlı müəllimlər idi. Onları sevməmək mümkünsüz idi. Məktəb illərində isə tarix müəllimi Tahirə İslamova, təbiətşünaslıqdan Zemfira xanımı çox bəyənirdim.
Sevmədiyim müəllimlər barədə çox danışa bilmərəm, çünki belələri az olub”.

“İsmayıl müəllim itin də dilini bilir...



Trend-in redaktoru Bəxtiyar Hacıyev müəllimlərini `sanballı` və `sanballı olmayan` iki yerə ayırır:

“ Ən yaddaqalan, sevimli müəllimim İsmayıl Vəliyevdir. Redaktəetmə fənnindən dərs deyirdi bizə. Mən hər müəllimin dərsinə 80 dəqiqə tab gətirməzdim, amma İsmayıl müəllimin dərsinin iki 80 dəqiqə olmasını istəyirdim. Əsl pedaqoq tələbələrə öz fənnini sevdirməyi bacarmalıdır. Tələbənin dərsə həvəsi, yaxşı hazırlaşması ilk növbədə müəllimdən asılıdır. Bir dəfə necə olmuşdusa, uşaqlardan biri demişdi: "İsmayıl müəllim o qədər gözəl insandır ki, hamı onu sevir, hörmət edir, gözəl davranır". İsmayıl müəllimin cavabı isə belə olmuşdu: "Xeyr, sadəcə İsmayıl müəllim itin də dilini bilir..." Bu cavab kobud səslənsə də, mənə görə əsl müəllim elə belə olmalıdır - itin də dilini bilməli, onunla yola getməyi bacarmalıdır... Xatirələrdə pis müəllim kimi qalan müəllimlər də az olmayıb. Heç yada salmaq da istəməzdim müəllim adını daşıya-daşıya bu müqəddəs peşənin adına xələl gətirən dırnaqarası "müəllimləri"... Ümumiyyətlə, mühazirə saatlarında kif basmış kitablardan dayanmadan-durmadan elmi cümlələr yazdıran müəllimlər heç vaxt sanballı, savadlı müəllim olmayıblar mənə görə”.

Mirvari Nəzərova






















Teqlər:  





Xəbər lenti