Bu yoldan keçərkən ehtiyatlı olun: Maşınınız aşa bilər!

Bu yoldan keçərkən ehtiyatlı olun: Maşınınız aşa bilər!
  31 Mart 2018    Oxunub:2001
"Dünən axşam güclü külək yollarımızda xətərsiz keçməyib. Ən xarakterik olanı Bakı-Ələt yolunun 20-ci kilometrində hərəkətdə olan iki "TIR"ın güclü küləyə görə aşmasıdır".
AzVision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspert məlumat üçün qeyd edib ki, həmin yer Bakıdan Ələt istiqamətində gedəndə mayakın yanındakı yeni hərbi şəhərciyi keçdikdən bir qədər sonra sola döngədən başlayan yerdir:

"Orada hər il belə uzun və hündür maşınların aşması baş verir. Səbəbi də çox sadədir. Diqqət etsəniz, həmin yerin şimal-qərb tərəfində təpəliklər arasında dərə var. Abşeronda güclü şimal-qərb küləyi olanda həmin dərə hava axınına ayrıca bir effekt verir və orada bir az da güclənən hava axını yolun həmin sahəsində avtomobilləri tam köndələninə (perpendikulyar) vurur. Yolun səthi də bir qədər hündürə qaldırılmış olduğundan belə axın iri avtomobilləri yana aşırır".

Ə.Hüseynov qeyd edib ki, həmin yol sahəsinə 1.27 "Yandan əsən külək" xəbərdarlıq nişanı qoyulmalıdır və küləkli havada orada hərəkət edən iri avtomobillərin, eləcə də iri qabaritli yük aparan avtomobillərin sürücüləri çox diqqətli olmalıdırlar.



AzVision.az


Teqlər: Külək   Qəza   Yol  





Xəbər lenti