Rəsmi Bakının Suriya ilə bağlı mövqeyi

Rəsmi Bakının Suriya ilə bağlı mövqeyi
  28 Sentyabr 2013    Oxunub:1175
Azərbaycanın xarici işlər naziri BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsinə münasibət bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində BMT Təhlükəsizlik Şurasının (TŞ) Yaxın Şərqdə vəziyyət adı altında Suriyaya həsr edilmiş iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzVision.az-averilən məlumata görə, iclasda Suriya ilə əlaqədar BMT TŞ-nın 2118 (2013) saylı qətnaməsinin qəbul edilməsinə münasibət bildirən nazir Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan bu qətnamənin qəbul olunmasını müsbət qarşılayır və ümid edir ki, BMT TŞ-də nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriya münaqişəsinin aradan qaldırılması üçün siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcək.

Suriyada kimyəvi silahların istifadə edilməsi iddialarının araşdırılması üzrə BMT Missiyasının üzvlərinə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov, Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini Azərbaycan tərəfindən kəskin şəkildə pisləndiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov qəbul olunan qətnamənin kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq etdiyini və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul etdiyini bildirib.

O, Azərbaycanın Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə Rusiya Federasiyası və ABŞ arasında bundan əvvəl əldə olunmuş anlaşmanı və bu xüsusda Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasının bu gün qəbul etdiyi qərarlarını müsbət qarşıladığını vurğulayıb və qətnamədə BMT TŞ-nin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qəti dəstəyinin ifadə olunmasının da xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov qətnamədə əks olunan bu mövqelərdən çıxış edərək, Azərbaycanın 2118 (2013) saylı BMT TŞ-nin qətnaməsini dəstəklədiyini və ona həm-müəllif kimi qoşulduğunu diqqətə çatdırıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti