“Yeni sözləri Terminologiya Komissiyası özündən uydurmur” – Millət vəkili
Milli Məclisin deputatı, filologiya elmlər doktoru, akademik Nizami Cəfərov AzVision.az-a bildirib ki, Terminologiya Komissiyasının uzun illərdən sonra sükutu pozması, alınma sözlərə qarşılıq verməsi yaxşı haldır.
Onun fikrincə, yeni sözlərin mübahisəyə səbəb olması gözləniləndir: “Alınma sözlərə qarşılıq olaraq yaradılan yeni sözlərə həmişə şübhəli yanaşılır. Bu, ümumi psixoloji məsələdir. Belə sözlərin 70-75 faiz-i qəbul olunacaqsa, o zaman böyük müvəffəqiyyət hesab olunacaq. Proses bundan sonra da davam etməldir. Sözsüz ki, bundan sonra qəbul edə bilməyəcəyimiz sözlərə görə də mübahisə edəcəyik. İnanıram ki, gələcək cəhdlərdə daha münasib sözlər tapılacaq. Dilimizə uyğun olanları qəbul edəcəyik. Əsas odur ki, yeni təklifər olsun”.
N.Cəfərovun sözlərinə görə, Terminologiya Komissiyasının təklif etdiyi sözlər qanun deyil ki, dərhal qəbul edilsin və işlənilsin. "Terminologiya Komissiyasının işi odur ki, müxtəlif vaxtlarda alınma sözlərə qarşılıq təklif etsin. Bu sözlərin mütləq əksəriyyəti insanların dilində az-çox işlənir. Buna cəhd etmək yaxşıdır və müzarikələr davam etdirilməlidir".
Deputat bildirib ki, qarşılıqlı sözləri Terminalogiya Komissiyası özündən uydurmur: “Bu sözləri mütəxəssislərlə razılaşdırıb təqdim edirlər. Adətən xalq dilində işlədilən sözlər müvəffəqiyyətli olur və qəbul edilir. Yaradılan sözlər isə çox vaxt törmə qabiliyyətli olmur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Nizami-Cəfərov