Silah anbarındakı yanğın lokallaşdırılıb - (YENİLƏNİB)
Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.
Partlayış yerinə yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.
AzVision.az
Teqlər: Partlayış Yanğın Hərbi-hissə FHN Baş-Prokurorluq