Cocuq Mərcanlıda tikinti işləri davam etdirilir
Baş nazirin müavini əvvəlcə Cocuq Mərcanlıda tikintisi başa çatmış 50 evə köçürülən sakinlərlə görüşüb söhbət edib, onların müraciətlərini dinləyib.
Sonra Əli Həsənov qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxıb, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evi, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial və infrastruktur obyektləri inşa edilir. 17 hektar ərazidə tikilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı