“İtaliya ilə siyasi əlaqələr yüksək səviyyədədir” - İlham Əliyev
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirib. Əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlət başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğulayıb. Azərbaycanda çoxlu sayda İtaliya şirkətlərinin müxtəlif sahələr üzrə fəaliyyət göstərdiklərini deyən dövlət başçısı ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün də yaxşı imkanların mövcud olduğunu bildirib, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğulayıb. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən səfir Auqusto Massari bunu artıq ölkəmizə gəldiyi bir neçə gün ərzində hiss etdiyini, burada çoxlu sayda italyanlar və italyan brendləri gördüyünü vurğulayıb. O, Azərbaycanda müşahidə olunan sabitlik, dini tolerantlıq və multikulturalizm mühitinin ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını qeyd edib. Azərbaycan ilə əlaqələrin 2014-cü ildə Romada qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında daha da inkişaf etdirilməsinin İtaliya hökuməti üçün mühüm əhəmiyyət daşıdığını bildirən səfir əməkdaşlığımızın müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu qeyd edilib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident İtaliya