Qadınlar üçün dövlət sığınacaqları yaradıla bilər

Qadınlar üçün dövlət sığınacaqları yaradıla bilər
  10 Avqust 2017    Oxunub:3290
Məişət zorakılığından əziyyət çəkən qadınlar üçün dövlət sığınacaqları yaradılmalı, Qeyri-Hökümət Təşkilatlarının isə sığınacaqları artırılmalıdır.

Bunu AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Elgün İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Komitə rəsmisi bildirib ki, ailə-məişət zəminində baş verən zorakılıq hallarının azaldılması üçün ailə və uşaq psixoloqlarının sayı çoxaldılmalıdır.

“Məişət zorakılığına məruz qalmış qadınlara ilkin yardımın edilməsi vacib amillərdəndir. Qadın uşaqlarla təkbaşına qaldıqda və ya evdən qovulanda ona yardım edilə bilər. Həmin vətəndaş dövlət tərəfindən birdəfəlik müavinət alsa, bu, onun iş tapana qədər özünü reabilitasiya kursunu keçməsinə şərait yaradacaq. Həmçinin aliment fondunun yaradılması dövlət tərəfindən boşanma müddəti ərzində qadının təkbaşına uşaqları saxlamasına da kömək edəcək”.

E.Səfərov qeyd edib ki, aliment fondlarının yaradılması, imtiyazların, dəstək proqramlarının qəbul edilməsi qadın hüquqlarının müdafiəsində vacib addımlardan ola bilər.

“Komitə tərəfindən qəbul ediləcək yeni sənədlərdə bu müəddəalar nəzərdə tutulur. Ailə strategiyasında məişət zorakılığının qarşısının alınması üçün milli fəaliyyət planı, Uşaq Məcəlləsinin də qəbul edilməsi planlaşdırılır. Bu sənədlərdə qeyd etdiklərimizin hər biri öz əksini tapacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AiləQadınvəUşaqMəsələləriüzrəDövlətKomitəsi  





Xəbər lenti