Əliyevlə Yanukoviç Kremlin “yeni SSRİ” planını iflasa aparır - TƏHLİL

Əliyevlə Yanukoviç Kremlin “yeni SSRİ” planını iflasa aparır - TƏHLİL
  04 Sentyabr 2013    Oxunub:1831
Rusiya prezidenti Vladimir Putinin ikinci dəfə hakimiyyət başına qayıtması ərəfəsində irəli sürdüyü Avrasiya İttifaqı ideyası Azərbaycan və Ukraynanın yenidən Moskvanın təsir dairəsinə qayıtmaqdan imtina etməsi səbəbindən iflasa gedir.

Belə ki, bütün təzyiq və israrlara baxmayaraq, Ukrayna “yeni SSRİ” də adlandırılan Avrasiya İttifaqının əsasını təşkil edəcək MDB Gömrük İttifaqına qoşulmaqdan imtina edib. Azərbaycanı da bu ittifaqa meylləndirmək mümkün olmayıb. Hətta prezident Vladimir Putinin Bakıya 7 illik fasilədən sonra baş tutan ilk səfərinə və azərbaycanlı həmkarı ilə saatlarla sürən, kifayət qədər isti keçən rəsmi və qeyri-rəsmi müzakirələrinə, Rusiya dövlət başçısının İlham Əliyevin üçüncü müddətə hakimiyyətdə qalmasına dəstəyini nümayiş etdirməsinə də baxmayaraq...

Belə görünür ki, Azərbaycan Rusiya ilə yalnız qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə hazırdır və Bakı danışıqlarında bu tərəfdaşlıqda yeni perspektivlər açan anlaşmalar əldə edildi.

Putin Bakıdan əvvəl Kiyevdə səfərdə olmuşdu və jurnalistlər onun prezident Viktor Yanukoviçlə kifayət qədər soyuq münasibətlərinin şahidi olmuşdular. Rusiya prezidenti ukraynalı həmkarı ilə rəsmi görüşə cəmi 15 dəqiqə vaxt ayırmışdı. Bu soyuqluğun səbəbi Yanukoviçin Gömrük İttifaqına qoşulmaqdan imtina etməsində idi. Moskvanın bütün səylərinə, bu ittifaqa qoşulacağı halda Ukraynanın böyük iqtisadi mənfəətlər əldə edəcəyinə dair vədlərə baxmayaraq Yanukoviçin komandası müşahidəçi statusunda üzvlüklə kifayətlənib.

Yanukoviç vaxtilə Ukraynada qərbmeylli komandanın uğursuzluğundan sonra Rusiyanın açıq dəstəyi ilə hakimiyyətə gəlib. Ancaq indi Moskvanın dəstəyi ilə hakimiyyətə gələn siyasətçi ölkəsini yenidən Rusiyanın təsir dairəsinə qaytarmaqdan açıqca imtina edir. Bu, Moskvanın keçmiş sovet məkanında uzaqgedən nəticələrə səbəb olacaq ciddi siyasi məğlubiyyətidir. Kreml Ukraynanı güzəştə məcbur edə bilmək üçün bir neçə rıçaqdan istifadə edir. Hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun Rusiya ilə imzaladığı qaz müqaviləsinə uyğun olaraq Ukrayna bu ölkədən qazı bazar qiymətlərindən xeyli baha almağa məcburdur.

Yanukoviç bəyan edir ki, onun hökumətinin bütün səylərinə baxmayaraq Rusiya müqaviləyə yenidən baxmaqdan imtina edir. Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın müqaviləyə yenidən baxıb qazın qiymətini aşağı salmaq üçün irəli sürdüyü şərtlər alçaldıcıdır və onun hökuməti bu şərtlərə razı ola bilməz.

Ehtimal ki, Rusiyanın alçaldıcı şərtlərindən biri Ukraynanın onun iqtisadi təsir zonasına qayıtmasıdır. Rusiya həmçinin Ukraynanın “Roshen” korporasiyasının istehsalı olan şirniyyat məhsullarının ölkəyə daxil olmasını qadağan edib və bunu həmin məhsulların tərkibində zərərli maddələrin olması ilə əsaslandırıb. Lakin heç kimin şübhəsi yoxdur ki, bu qadağa Kiyevin Gömrük İttifaqına qoşulmaqdan imtina etməsinə cavabdır.

Belə vəziyyətdə Rusiya ilə Ukrayna arasında ticarət dövriyyəsinin aşağı düşməsi qaçılmaz olacaq. Bütün təzyiqlərə baxmayaraq prezident Yanukoviç sentyabrın 2-də parlamentə müraciət edərək ölkənin Avropaya inteqrasiya kursunu dəstəkləməyə çağırıb. Başqa sözlə, Kiyevi yumşaltmaq mümkün olmayıb.

Ukrayna ilə yanaşı Azərbaycan da Gömrük İttifaqına meyl etmir. Virtualaz.org-a mötəbər qaynaqlardan məlum olmuşdu ki, Putinin Bakıya səfəri zamanı bu məsələ əsas müzakirə mövzularından biri olub. Lakin prezident İlham Əliyev Gömrük İttifaqı məsələsinin yalnız Azərbaycanın maraqları çərçivəsində nəzərdən keçiriləcəyini çatdırıb. Başqa sözlə, Azərbaycan Gömrük İttifaqına və ya onun davamı kimi nəzərdə tutulan Avrasiya İttifaqına qoşulmağı nəzərdən keçirmir, çünki bu ittifaqdan ciddi iqtisadi fayda gözləmir.

Yəni Azərbaycan prezidenti ölkənin müstəqil siyasi kursundan güzəştə getmək fikrində olmadığını birmənalı şəkildə nümayiş etdirib.

Lakin Ukrayna ilə müqayisədə Azərbaycana təzyiq etmək Rusiya üçün elə də asan deyil. Azərbaycanın Ukrayna kimi Rusiyadan enerji asılılığı yoxdur, ixrac etdiyi malların böyük əksəriyyəti başqa ölkələrə gedir. Əksinə, Azərbaycan özü Rusiya hərbi sənayesi və digər müəssisələri üçün sürətlə inkişaf edən bazardır. Ona görə də Rusiya Azərbaycanla Ukrayna ilə eyni tonda danışmır, daha dəqiq desək, danışa bilmir.

Analitiklərin qənaətinə görə, Ukrayna və Azərbaycanın Gömrük İttifaqına “yox” deməsi kifayətdir ki, bu ittifaq, eləcə də Avrasiya İttifaqı ideyası iflasa getsin. Çünki Azərbaycanla Ukrayna keçmiş sovet məkanında mühüm geostrateji mövqeyə malik iki açar ölkədir. Onların qoşulmadığı inteqrasiya modelləri işlək ola bilməz. Ukrayna və Azərbaycanın Gömrük İttifaqı məsələsində öz siyasətlərini uzlaşdırdıqları da görünməkdədir. 2011-ci ilin dekabrında MDB-nin Astana sammitində Gömrük İttifaqına üzv olmaqdan imtina edən, ancaq müşahidəçi statusla kifayətlənən Ukrayna prezidenti Yanukoviç sammitdən sonra yolunu Bakıdan salmış və Azərbaycan prezidenti ilə müzakirələr aparmışdı.

Digər tərəfdən, Gömrük İttifaqının qurulduğu ötən iki il ərzində ona qoşulan ölkələrin heç biri hissolunacaq dərəcədə fayda əldə etməyiblər və ideya cəlbediciliyini sürətlə itirməkdədir.

Putin heç Rusiyanın Cənubi Qafqazdakı forpostu Ermənistanı da Gömrük İttifaqına qoşa bilmirdi. Əksinə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirərək Moskvanı əməlli-başlı qıcıqlandırırdı. Ermənistan rəhbərliyi nəzərə alırdı ki, Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşularaq Moskvadan asılılığı daha da artırmaq ölkə üçün yaxşı gələcək vəd etmir.

İrəvanda hesab edirdilər ki, Rusiyanın Azərbaycana milyardlarla dollarlıq hücum silahları verməsi, ardınca prezident Putinin Bakıya səfər etməsi Ermənistana mesajdır və onun Gömrük İttifaqına qoşulmağı ləngitməsinə cavabdır.

Sentyabrın 3-də Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya işgüzar səfər etdi. Onun Putinlə danışıqlarının əsasında məhz Gömrük İttifaqı dayanırdı. Analitiklər bu məqamı Sərkisyan üçün qiyamət günü kimi dəyərləndirirdi. Çünki Ermənistan ya planlaşdırdığı kimi, noyabr ayında Vilnüsdə Şərq Tərəfdaşlığı ölkələrinin sammitində Avropa İttifaqı ilə assosiativ üzvlük və azad ticarət razılaşmasını imzalamalı, ya da Gömrük İttifaqına qoşularaq Avrasiya İttifaqına doğru getməli idi.

Birinci yolu seçmək Ermənistan üçün nisbətən daha yaxşı gələcək vəd etsə də bu halda İrəvanın Kremllə müttəfiqliyinin pozulacağı da qaçılmaz idi. Ona görə də Sərkisyan təzyiqlərə çox davam gətirə bilmədi və Putinin hüzurunda bəyan etdi ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq barədə siyasi qərar verir. Putin Ermənistanın bu siyasi qərarını nəzərə aldığını və Gömrük İttifaqına qoşulmaq üçün İrəvana lazım olan köməyin göstəriləcəyini bəyan etdi.

Beləliklə, Ermənistan prezidenti noyabrıda Vilnüs sammitində Avropa İttifaqına inteqrasiyaya aparan razılaşmaları imzalaya bilməyəcək. Brüssel dəfələrlə açıq şəkildə bildirib ki, Gömrük İttifaqına üzvlük Avropa İttifaqına assosiativ üzvlüklə bir araya sığmaz. Digər tərəfdən, regionda təcrid olunmuş durumda yaşayan, Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan, Rusiya ilə ancaq onun arzuolunmaz qonşusu Gürcüstan üzərindən əlaqə saxlaya bilən Ermənistanla Gömrük İttifaqı və Avrasiya İttifaqı qurmaq da perspektivsiz məsələdir.

Virtualaz.org


Teqlər:  





Xəbər lenti