Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi
  07 Aprel 2017    Oxunub:4512
Dövlət İmtahan Mərkəzi magistr və rezidenturya hazırlaşan şəxsləri diqqətli olmağa çağırıb.

Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, rezidentura və magistraturaya qəbul imtahanlarına hazırlaşanlara kömək məqsədi ilə hər il yeni jurnallar, vəsaitlər, test toplusu nəşr etdirir.

Bu işlərin gələcəkdə də təkmilləşdirilərək davam etdirilməsi nəzərdə tutulur. Lakin bəzi hazırlıq kursları, eləcə də fiziki şəxslər tərəfindən qəbul proqramlarına uyğun olmayan, elmi-metodiki səhvlərə yol verilmiş “hazırlıq vəsaitlərinin” nəşr olunması və bu “vəsaitlərdən” istifadə edilməsi, eləcə də onların təşkil etdikləri sınaq imtahanlarında iştirak əksər hallarda namizədlərin imtahanlarda uğursuz nəticələr əldə etməsinə, vaxt və maddi vəsait itirməsinə səbəb olur. Buna görə də DİM namizədlərə magistratura və rezidenturaya qəbul proqramlarında göstərilən ədəbiyyatlardan istifadə edərək hazırlaşmağı tövsiyə edir. Bir daha bildiririk ki, qəbul proqramına aid olmayan, elmi məlumatları təhrif edən, xüsusən də “kurslar” tərəfindən nəşr olunan vəsaitlərə, eləcə də onların təşkil etdikləri sınaq imtahanlarının nəticələrinə görə DİM heç bir məsuliyyət daşımır.

DİM və “Abituriyent” jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcəkdir. Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan DİM və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti