Bu gün onların bayramıdır

  23 Avqust 2013    Oxunub : 7444
Bu gün onların bayramıdır
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramını qeyd edirlər.
AzVision.az-ın məlumataına görə, XDMX rəisi, general-polkovnik Vaqif Axundov və xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.

Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.





Teqlər: