Qəbələ Zirvəsi başa çatdı

 Qəbələ Zirvəsi başa çatdı
  16 Avqust 2013    Oxunub:1298
Bu gün Qəbələdə, Heydər Əliyev Konqres Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev toplantıda iştirak ediblər.

Zirvə toplantısını Qırğızıstan Prezidenti Almazbek Atambayev açıb.
Şuraya sədrlik Azərbaycana keçib.

Dövlət başçısı Zirvə toplantısında çıxış edib.Sonra Zirvə toplantısının gündəliyi təsdiq olunub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Türkiyə Prezidenti Abdullah Gül, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı çıxış ediblər.Çıxışlardan sonra sənədlərin imzalanması mərasimi olub.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasının baş katib səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərarını Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Almazbek Atambayev imzalayıblar.

Prezident İlham Əliyev toplantıya yekun vurub.Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı başa çatıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən IX Zirvə görüşündə yaradılıb. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstanın sabiq Prezidenti Kurbanbek Bakiyev TDƏŞ-in yaradılması haqqında Naxçıvan Sazişini imzalayıblar. Şuranın məqsədi türkdilli ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və inteqrasiyaya nail olmaqdır.

TDƏŞ-in I Zirvə toplantısı 2011-ci il oktyabrın 21-də Almatıda, II Zirvə toplantısı isə 2012-ci il avqustun 23-də Bişkekdə keçirilib.(Azərtac)





Teqlər:  





Xəbər lenti