Qəbələ festivala hazırlaşır

  23 İyul 2013    Oxunub : 732
Qəbələ festivala hazırlaşır
Son illər Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırıb.

UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş Beynəlxalq muğam festivalları böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurub.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 24-də Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - V Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanır.

Qəbələ şəhərində avqustun 6-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Artıq festivalın hazırlıq işləri başa çatıb.

Festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyini nəzərə alaraq rayonda geniş hazırlıq işləri görülmüşdür. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilmiş, gecə işıqlandırma sistemi qaydaya salınmış, şəhərdə səliqə-sahman yaradılıb.

Qəbələ şəhərinin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, müxtəlif otel və istirahət mərkəzlərində festivalla bağlı plakatlar diqqəti xüsusilə cəlb edir. Bundan əlavə, festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resorte” və “Qafqaz Riverside” otellərində hazırlıq işləri başa çatıb.

Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya Respublikası, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim simfonik orkestri, Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları iştirak edəcəklər.

Həmçinin festivalın konsertlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verəcək

Teqlər: