Mirşahindən müxalifətə sərt CAVAB

Mirşahindən müxalifətə sərt CAVAB
  16 İyul 2013    Oxunub:1050
Son vaxtlar bəzi Müxalifət mətbuatında ANS-lə bağlı uydurma məlumatlar yer alır. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu uydurmalara cavab verib.
"Bu artıq neçənci seçki mövsümüdür ki, Azərbaycanın bir sıra siyasi qüvvələri ANS-ə informasiya vasitəsi tək yox, partiya kimi yanaşmağa başlayırlar. ANS-in işi və missiyası isə başqadır. Təvazökarlıqdan kənara çıxsaq da deməliyik ki, bütün seçkilərdə beynəlxalq müşahidəçilər ANS-in fəaliyyətini xüsusi qiymətləndiriblər. Ən azı ona əlahiddə abzas həsr ediblər, mövcud şəraitdə ən obyektiv və qərəzsiz olmaq nümunəsi tək təqdir ediblər.

ANS rastlaşdığı bütün çətinliklərə və təzyiqlərə baxmayaraq cəmiyyətin real güzgüsü olub. Biz olanı göstəririk. Deməli göstərilmək üçün, ilk növbədə olmaq lazımdır. Məncə, müxalifət lideri, müxalifətdə əldə etdiyi ən böyük staja baxmayaraq, heç vaxt prezidentin mobil telefonuna zəng edə bilmir. "Bəs onda mənə niyə zəng edirsən?" kimi məntiqsiz iradlar tutmamalıdır. Başa düşürəm ki, dəryada qərq olan gəmiləri ilə hər şeyini itirən Hacı Qəmbərin başına hava gələ bilərdi. Amma Hacı Qəmbər siyasətçi deyildi axı.

Son zamanlar müxalifət mətbuatında ANS-lə höcəşmələr yenidən artıb. Aydındır! Ola bilsin ki, kimlərsə ANS-i qaralamaqla, onu özündən çıxarmağa, tutduğu qərəzsiz informasiya yolundan daşındırmağa can atır. Və bütün bunlar da yəqin qəsdən edilir ki, biz acığa düşək və müxalifəti ümumiyyətlə göstərməyək, onlar da hər yerdə danışsınlar ki, Azərbaycanda demokratik mühit yoxdur. Amma biz bunu müxalifətə xoş, iqtidara naxoş olsun deyə etmirik, bu, bizim borcumuzdur, biz sadəcə olaraq öz yolumuzdayıq. Böyük yolumuzda. Elə yolumuz böyük olduğundan da, bəzən qəzəblənib məhkəməyə verdiyimiz qəzetləri və saytları sonradan bağışlayırıq. Yazığımız gəldiyindən yox, hayıfımız gəldiyindən. Axı bu qəzetlər arasında, səhifələrində Azərbaycanın azadlığı uğrunda vuruşan Nəcəf Nəcəfov kimi insanların ruhu dolaşan qəzetlər da var…

Deyirlər ki, məhəbbətin gözü kor olar. Bizcə, məhəbbətin yox, nifrətin gözü kor olur. Gözlərimizi nifrət tutmasın. Özü də dostlar, hələ hər şey itirilməyib. Məsələn, “Yeni Müsavat”ın prezident İlham Əliyevi 10 ilin dövlət adamı kimi etiraf etməyə sevgisi, gücü və cəsarəti çatır. Necə deyərlər etiraf igidin yaraşığıdır. ANS-i özündən çıxarmağın yolları isə bizə çoxdan tanışdır. Nimdaş və əski texnologiyadır, cənablar. Dəyişmək lazımdır, özünüzü dəyişə bilmirsinizsə, hakimiyyəti necə dəyişəcəksiniz? Zor olmaz, zora düşməzsiniz ki?!"




Teqlər:  





Xəbər lenti