Paytaxt üçləşməsi - Aqşin Yenisey

Paytaxt üçləşməsi - Aqşin Yenisey
  08 Fevral 2016    Oxunub:3995
“Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib”.
Frans Kafka “Çevrilmə”

“Mən insanın o biri üzünü gördükdə, ilk gördüyüm üzünü xatırlamıram”
Paul Auster “Nyu-York üçlüyü”


Bir səhər gecənin narahat yuxusundan ayılıb divardan asdığı və artıq kor olmuş güzgünün qənşərində işgüzar həvəslə üzünü qırxan Qaraxan daxilindən həmişəki yuxulu və əsəbi səs eşitdi: “mənim tərəfi qırxma, imkan ver yatım”. Əvvəlcə fikir vermədi, sağ bakenbordlarının tüklərini düz xətt boyunca qırxıb ülgücü sol yanağına yaxınlaşdıranda masaya dəyən yumruq səsi eşidildi və aşağıdan yuxarı bir hədə gəldi: “Mən heç yerə getmirəm, zəhləm gedir o miskin tarix müğənnilərindən. Yenə ağız-ağıza verib ulaşacaqlar”.

Güzgünün zorla sezdiyi sabunlu sifət əyildi və bu zaman Qaraxanın daxilindən ikinci, həmişəki gumrah səs dilləndi: “Onun tərəfə əl vurma, şairdi, azadlıqla tənbəlliyin övladıdır, pintilik, əhlikeflik, bunların sosial statusudur, alın yazısıdır, ah-uf bu şairlərin əbədi himnidir. Qoy elə tüklü-müklü qalsın. Kir, onsuz da, istedadın təbii kosmetikasıdır. Tədbirdə soruşan olsa, deyərik ki, araq içməyin dərdindən dalımıza düşüb gəlib. Onsuz da, paxmeldi, onun tərəfi qırxsan, deyinib daha da baş-beynimizi ağrıdacaq. Məndən olsa, ona bir yüz süz sakitləşsin”. İkinci səsin təklifi ağlabatan oldu, Qaraxan üzünün qırxdığı sağ tərəfini yuyub-quruladı, odekalon vurub şillələdi. Tüklü qalan sol tərəfinə isə heç gözünün ucu ilə də baxmadı. Mətbəxə keçib yan-yana bir fincan çay və bir qədəh araq süzdü. Sonra üzü qırxılmış, bayaqdan tədbirdə türklərin və ərəblərin qadına münasibəti haqqında, hələ eramızdan əvvəl türklərin ulu babaları sak-massagetlərə hökmdarlıq etmiş Tomiris xanımın İran şahı Kirin başını kəsməsi, islama qədər türk qadınının baş kəsəcək həddə qədər hüdudsuz azadlığının olması ilə bağlı deyəcəyi faktları götür-qoy edən daxilindəki ikinci, ictimai-siyasi, türkçü-millətçi tərəfə təklif etdi ki, çay soyuyana qədər gəlsənə bu “əllini” vurum, içimizdəki şair-şüürün səsi kəsilsin. İctimai-siyasi tərəf başını tərpədərək razılıq verdi, amma xahiş etdi ki, üstündən limon ye, tədbirdə ağzından araq iyi gəlməsin: “İctimai xadimin ağzında gərək qan iyisi gəlsin, araq iyi yox”. Qaraxan əlini qədəhə atanda paxmeldən başı çatdayan üzütüklü şair sol tərəfdə artıq limon dilimini əlində hazır tutmuşdu.

Qaraxanın uşaqlıq illəri sovet imperiyasının dağıldığı, gənclik illəri isə müstəqil dövlətin qurulduğu dövrlərə düşdüyü üçün onun ömrünün ən qoluzorlu vaxtları ancaq kərpic daşımaqla keçmişdi. Bir yandan keşikçisiz qalmış imperiyanın divarlarını sökür, o biri yandan isə - görənlər deyir ki, elə imperiyanın divarlarından sökdüyü kərpiclərlə müstəqil dövlətin hasarlarını çəkirdi. Ona görə də onun divar sökən tərəfi azadlıq, inqilab romantikası ilə çoşub-çağalayan şair, hasar çəkən tərəfi isə öz gələcəyini düşünən patriot siyasətçi kimi yetişdi. Bu illər ərzində hər gün yuxudan duran kimi acqarına bir siqaret yandırar və öskürə-öskürə onu “obed”ə qədər divar sökməyə səsləyən talenin və “obed”dən sonra hasar çəkməyə aparan tarixin çağırışına gedirdi. İmperiya dağılandan, müstəqil dövlət qurulandan sonra məlum oldu ki, o, taleyə də, tarixə də eləcə fəhlə kimi lazım imiş. Ancaq onun içindəki nə SSRİ kimi bir imperiyanı yıxan romantik şair, nə də müstəqil millətin gələcəyini düşünən patriot siyasətçi bu aqibətlə barışdı. Beləliklə, Qaraxan yenidən iki cəbhədə döyüşməyə başladı.

O həm içində azadlıq romantikasının yetişdirdiyi şairin, həm də özünü vətənin gələcəyinə həsr etmiş ictimai-siyasi xadimin arzu və ümidləri, əsəb və məhrumiyyətləri ilə yaşamağa başladı. Əvvəlcə onun içindəki şair və siyasətçi bir-biri ilə asan dil tapsa da, illər keçdikcə ehtiyaclar və fikirlər haçalandı. Şair, cəmi iyirmi il keçməsinə baxmayaraq, yazdığı inqilabi şeirlərin unudulduğunu, gərəksizliyini görüb ümidsizliyə qapıldı, həyatın dibinə çəkilib içkiyə qurşandı. Siyasətçi-millətçi isə xırda yığıncaqlarda, az qala, unudulmuş təriqət səviyyəsinə enmiş türkçülüyün, millətçiliyin tarixi haqqında pafoslu, hətta bəzən müharibə tonlu çıxışlar edə-edə, özünü və ətrafdakıları aldada-aldada yaşamağa vərdiş etdi. Qaraxan öz adını da onların arasında dədə malı kimi yarı böldü: ac və ümidsiz şairə adının “Qara”, ictimai avaraçılıqla gününü keçirən siyasətçi-millətçiyə isə “Xan” hissəsini bağışladı. İçki və ümidsizlik Qaranın belini əysə də, ictimai sərgərdanlıq Xandan dik qamət tələb etdiyindən özünü şax tutdu. Qaraxan özü isə içindəki şair tərəfə əyildiyindən inəklərin bir tərəfini yeyib-oyduğu ot tayası kimi böyürrəmə bir görkəm aldı.

Qaraxan mətbəxdə arağın üstündən çayı içib hazırlaşmağa başladı. Şalvarı axtaranda millətçi-siyasətçi ona dedi ki, dünən gecə bu lülüşün – o, içkiyə qurşanandan sonra şairi həmişə belə çağırırdı – meyitini evə sürüyəndə şalvarı divarın əhənginə sürtmüşəm, onu təmizləmək lazımdır. Şalvar kitab şkafından çıxdı, içkili şair onu yumrulayıb klassiklərin yan-yana düzüldüyü cərgəyə basmışdı. Qaraxan əhəngə bulaşıb qırış-qırış olmuş şalvarı görüb şairin qarasına deyinməyə başladı:
- Uje ağ eləmisən, bu şalvarı tək sən geyinmirsən, nəzərə al ki, səndən başqa iki nəfər də yaşayır bu evdə. Ya da get özünə başqa bir ev tap.
Səhər-səhər araqdan vurub kefini diriltmiş şair həmişəki kimi Qaraxana şeirlə cavab verdi:
- Əgər məni öz bəxtimlə, taleyimlə buraxsalar baş-başa,
Ehtiyacım olmaz heç vaxt nə yola, nə yoldaşa.
Heç gördünmü bərk olmaqçün kömək olsun daş-daşa
İnsan yazıq! O, məcburdu dostdan, yardan anlasın.
Dostlar hardan başa düşsün, qadın hardan anlasın?

Şair şeri oxuyub yenidən ümidsiz başını masanın üstündə qollarının arasına aldı və elə ordan boğuq səslə tədbirə hazırlaşan millətçi-siyasətçiyə dedi:
- Ə, ordan sən də öz payına bir “əlli” süz görüm. Sən öl, sənin ideyalarının şərəfinə içəcəyəm.
- Bayaqkı bəsindi, həmişə tədbirlərə içib gedirsən, bezmişəm sənə görə söz götürməkdən. Dur, zəhmət çək, şalvarın sən tərəfə düşən qıçını təmizlə, ütülə. Dədənin nökəri yoxdu burda.
- Nökərsən də, ay bədbəxt, şalvar üstünə qışqırır ki, qırışımı ütülə, saqqal bağırır ki, qırx məni, qalstuk göstəriş verir ki, tax məni boynuna, ayaqqabı əmr edir ki, əyil və məni mazla. Nökər deyilsən, ə, pəzəvənəg? Davay, “əlli” süz, “Ya skazal!”

İctimai-siyasi xadim ona cavab verməyin mənasız olduğunu görüb şalvarın ancaq öz payına düşən qıçını təmizləyib ütülədi. Ayaqqabıların yalnız özünə düşən sağ tayını mazlayıb parıldatdı. Saçın ancaq sağ hissəsini daradı, ancaq sağ əngin dişlərini yudu. Və qapının ağzında hazır dayanıb Qaraxanın evdən çıxmasını gözlədi. Qaraxan şairi yola gətirmək üçün özü ona bir qədəh də araq süzüb tələsdirdi:
- Tədbirdən sonra “Xudafərin”də banket olacaq, nə qədər istəsən içərsən, vur, gedək, yubanırıq. – o, bunu deyib qədəhi bir qurtuma hop eləyən şairin ağzına, yəni sol ənginə bir saqqız atdı ki, arağın qoxusunu aparsın.
Hər üçü bir yerdə evdən çıxdılar.

Yolda Qara, yəni şair dirəşdi ki, taksiylə gedək, metroya, avtobusa minməyə həvəs yoxdu. Millətçi-siyasətçi Xan onu var gücüylə qabağa itələdi. Özünü saxlaya bilməyən şair yolun ortasına qolaylandı, əgər arxadan gələn “Jeep” əyləci basmasaydı ara yerdə Qaraxan xurd-xəşil olacaqdı. Əsəbi sürücü başını şüşədən çıxarıb Qaraxanın üstünə bağırdı:
- Korsan, ə, ya içmisən? Görmürsən yaşıl yanır?!
Sürücü onu şair tərəfindən, ipi arxasınca sürünən ayaqqabı, əhəngə batmış şalvar, kirli saç-saqqal basmış üz, bir sözlə, tale tərəfindən görmüşdü. Qaraxan üzr istəyib yoldan qırağa çəkiləndə isə onun par-parıldayan ayaqqabı, ütülü şalvar, qıpqırmızı qalstuklu yaxa, tər-təmiz qırxılmış üz, səliqəylə geri daranmış saç, ən nəhayət, süngü üstünə xoruzlanırmış kimi qabaran, üstünə dalğalanan bayraq nişanı taxılmış sinə, yəni tarix tərəfi üzə çıxdı. Sürücü onu indi tanıdı:
- Qaraxan müəllim, Qaraxan müəllim, a kişi, az qalmışdı, evimi yıxasan, gəl otur, aparım.
Özünü itirmiş Qaraxan burnunun suyunu pencəyinin şair tərəfinin qoluna silib, siyasətçi tərəfinin üst-başını qaydaya saldı. O da sürücünü tanıdı; camaat arasında türkçü biznesmen kimi tanınan kalqotka Bahadur idi. Türkiyədən qadın kalqotkası gətirib satırdı. O, nə tarix oxumuşdu, nə iqtisadiyyat, onun türkçülüyü də, çörəyi də Türkiyə ilə etdiyi alverdən çıxırdı. Türkçülüyü çörəyinin hesabına idi. Əgər onun çörəyinə əl uzadan olsaydı, bəlkə də, dünyada türkün ondan böyük düşməni olmazdı. Türkçülüyə verdiyi dəyər isə ayda-ildə bir dəfə özü yeyib-içmək istəyəndə beş-altı nəfər mətbuatda, ədəbiyyatda bozqurda, Turan ellərinə, Atillanın atının nalına yazılar, şeirlər yazan yazarları başına yığıb qonaqlıq verməyi idi. Di, vəssalam, yerdə qalan bu turançılıq siyasətidir, o Qarabağ müharibəsidir, ay nə bilim, xeyriyyə fondları-zadıdır, onluq deyildi. Hə, bir də ildə bir dəfə Türkiyədə Atatürkün və Rəsulzadənin qəbrinin yanında, özü kimi qarın buraxmış üç yaşlı oğlu ilə nə vaxtsa bərabər çəkdirdiyi şəkili özünün feyzbuk səhifəsində paylaşırdı. Bunlardan başqa onunla türküçülük arasında olan münasibət sənki sən də, mənki mən də idi.

Qaraxanın Xan tərəfi də öz əqidədaşını tanıyıb söz altında qalmadı: “Ağciyər olma, əşi, türk türkü basmaz!” və şair tərəfi görünməsin deyə “Jeep”in qabağından deyil, arxasından hərlənib Bahadurun yanında oturdu.
- Hara gedirsən? – kalqotka Bahadur qabaq oturacaqdakı cib telefonlarını, siqaret qutularını yığışdıra-yığışdıra ona oturmaq üçün yer düzəltdi.
- Düz sür, yol özü bizi aparacaq. – Qaraxanın şair tərəfinin başı iki dəfə qapının tavanına dəysə də, özünü sındırmadı və Bahadurun bahalı siqaretlərindən birini götürüb damağına qoydu.

* * *

Gecənin bir aləmi. Qaraxan salxım söyüdlərlə çadralanmış həyət evlərinin arasıyla səntirləyə-səntirlyə ay işığının cığırı ilə evinə doğru gedir. Ay bikef, meh hüznlüdür. Məhlə dükanının qarşısında dayanıb bir əlini şair tərəfin cibinə salır, o biri əli ilə üzünün tüklü tərəfini qaşıyır. Bu gün tədbirdən sonra yeyib-içmək məclisində kalqotka Bahadur da onlara qoşulub və Nəcib Fazil Qısakürəyin “Sakarya” şerini oxuduğuna görə türkçü-biznesmen onun məhz bu cibinə, şair olan tərəfinə bir xışım kağız pul basıb. Şair pulları çıxarıb sayır və deyir:
- Gedək, indi də öz hesabımıza içək.
Millətçi-siyasətçi etiraz edir:
- Bayaq kafedə Bahadur müəllimə söz verdin ki, özünə təmiz əyin-baş alacaqsan.
- Can sahibi canı səndən lüt alar,
əynin qızıl, qumaş olsa, istəməz.
Mal dalınca neçə nakam göz baxar,
Halal-haram qardaş olsa, istəməz – yaz qoy cibinə, Bahadur müəlliminə də oxuyarsan.

Şair bu sözləri deyəndə əlində dəstələdiyi pulları ay işığına tutub altdan-yuxarı baxırdı. O, birdən kövrəldi, qəzəbləndi, hönkürdü, qəhqəhə çəkib güldü, hiss olundu ki, ümidsizlik və içki onun fikirləri kimi hisslərini də qarışdırıb. O, bu cür qarışıq duyğular içində ay işığına tutduğu pullarla aşağıdan-yuxarı danışmağa başladı:
- Ey insandan sonra xəlq olunan sonuncu canlı, sənin hissiyyatın qarşısında bir şair kimi baş əyirəm. Sən bayaq kimin cibindəydin, indi kimin cibindəsən? Kalqotka Bahadur səni mənim cibimə dürtməklə bir az kasıbladı, bir az mənə oxşadı, şair oldu. Səni cibimdə hiss edəndə mən də bir az varlandım, Bahadura bənzədim, bir az biznesmen oldum. Deməli, yalnız sən insanları bir-birinə yaxınlaşdıra, oxşada, onları bərabərləşdirə bilərsən. Necə ki, onları yalnız sən bir-birindən uzaqlaşdırıb didərgin sala, əlçatmaz edə bilirsən. Sənin zirvən də dibin kimidir. İnsan yalnız sənin zirvəndə və dibində özünü tanıyır. Sən insanın zəhmətinin yox, azadlığının əvəzisən, ey canlıların canlısı. Səni qazanmaq istəyən də azadlığını itirir, qazana bilməyən də. Sənin yoxluğun əzabdırsa, çoxluğun da qorxudur, təhlükədir. Sən allahın və müharibənin başqa adısan. Sən əsarətin dili, hakimiyyətin nitqisən, kölədə susan, ağada danışansan...

Şair danışa-danışa, ay işığında pullara baxa-baxa dükana tərəf yeridi. İşəri keçib Qaraxanın keçən həftədən qalan nisyələrini ödədi, qucaqdolusu bazarlıqla dükandan çıxdı.
Qaraxanın koması, - əgər dövr ibtidai icma quruluşu olsaydı onu ev adlandırmaq olardı – məhlənin sonunda idi. O, qucağında bur aləm şair bazarlığı, ayın dəm almamış çay rənginə boyadığı küçənin ortası ilə gedirdi. O, indi şairi içində yox, çiynində aparırdı. Bu komanı almaqda ona içindəki şairə görə AYB-nin sədri Anar müəllim kömək etmişdi. Lakin bir gün şair içib onu dəyər-dəyməzinə satmaq fikrinə düşdükdə Qaraxan tez onu şair tərəfinin adından çıxartdırıb, millətçi-siyasətçi tərəfinin adına keçirdi. Elə buna görə də şairlə siyasətçi arasında uzun müddət məhkəmə çəkişmələri oldu. Şair ANS-in “İç xəbər” verilişinin əməkdaşını məhləyə dəvət edib halal evinin zəbt edildiyindən şikayətləndi. Nəhayət, məhkəmə qərarı ilə birotaqlı koma yenidən şairə qaytarıldı. Şair isə bütün umu-küsüləri unudub Qaraxanı və onun siyasətçi-millətçi tərəfini də evə buraxdı. Hər üçü heç nə olmamış kimi yenidən bir yerdə yaşamağa başladılar. Gecələr Qaraxanın qara, yəni şair tərəfi Ramiz Rövşənin, xan, yəni siyasətçi-millətçi tərəfi isə Bəxtiyar Vahabzadənin şeir kitablarını oxuyurdular. Qaraxan isə Oljas Süleymanovdan tərcümələr edirdi. Hə, ancaq şair onları evə buraxanda şərt qoydu ki, nə vaxt evlənsə, hər ikisi evi tərk edəcək. İllər keçdi, nə şair evləndi, nə millətçi. Qaraxan isə...

Qaraxan isə kişiyə yaraşmayan bir səhvinə görə az qalmışdı ki, şairin əlində ölsün. Bu komaya təzə köçəndə şairin görüşdüyü başqa bir şairə qadın var idi. O, hər dəfə şairlə görüşməyə gələndə Qaraxanla millətçi-siyasətçi evdən çıxıb şəhərdə avaralanırdılar ki, şairlə sevgilisinə mane olmasınlar. Qadın hər dəfə onlara gələndə həm də ortalığı yığışdırır, yemək bişirir, həftələrlə su üzü görməyən qab-qacağı yuyurdu. Qadın özü də etiraf edirdi ki, şairin pinti və azad həyatı onu heç yerdə olmadığı kimi sakitləşdirir. Həyatın gündəlik və adiləşmiş qayğılarından, cılız eqoların yaşamaq eşqinin şorgözlüyündən, kütləvi və bayağı mövzulardan, ailə, iş, allah haqqında mübahisələrdən qurtulmaq üçün o, bütün ömrünü şairin bu balaca, kirli komasında keçirmək istədiyini də gizlətmirdi. Qadın şairin yanında istədiyi qədər çılpaq gəzə, söyüş söyə bilirdi.

O, deyirdi ki, bu evdə sözlər də azad və olduqları kimidirlər. Burada necə də hər şey ibtidaidir. Hətta şairin köynəyini əyninə keçirib çılpaq budlarını göstərə-göstərə evdəki tör-töküntünü yığışdıranda şairdən soruşurdu ki, o, bu ibtidailiyi necə qoruyub saxlaya bilib. Necə edib ki, onun azadlığına, hisslərinə başqa bir insan əli dəyməyib? Bu komada necə də darıxmaq mümkün olmur. Ancaq o, şairin darıxmaq, həsrət, iztirab dolu şeirlərini oxuyanda anlamırdı ki, yalnız əşyaların kirləndiyi belə bir pak yerdə insan nə üçün darıxa bilər? Nəhayət, şair bir gün qarnının ağrısını ona belə izah etdi: “Mən artıq sənin özünü də öz azadlığımda artıq adam kimi hiss edirəm. Hər dəfə görüşəndə istəyirəm ki, tez çıxıb gedəsən, amma sən gedən kimi də qayıdacağın gün üçün darıxıram. Bu koma mənə görə təkcə küçənin sonu deyil, həm də mənim həyatımın sonudur. Bir şair üçün daha burdan o tərəfə yol yoxdur. Mən bu yola çıxanda elə bilirdim ki, bu yol sonsuzdur, ona görə də geri qayıtmaq üçün heç bir səbəb saxlamadım. Günlərin birində yol bitdi. Mən daha bu komadan heç hara gedə bilmərəm, irəli getməyə yol yoxdu, geri dönməyə səbəb”. Həmin gün qadın bu komada ilk dəfə darıxdı.

Hə, deməli, şair öz sevgilisini bir gün Qaraxanla da tanış elədi. Münasibətlər adiləşəndə insanlar ikilikdə qalmaqdan daha zövq ala bilmirlər, mütləq üçüncü adama ehtiyac olur. Şair də bu üçüncü adam kimi Qaraxanı seçdi. Amma bir də onda gözünü açıb gördü ki, o, evdə olmayanda sevgilisi komadan Qaraxanla çıxır. Həmin gün şair evə gəlmədi, səhərəcən şəhərdə bir-birinin ardınca bağlanan kafelərdə içdi, fikirləşdi, fikirləşdi, içdi və qərarını verdi. Bir həftədən sonra sevgilisini komaya dəvət etdi. Nə Qaraxanı, nə də millətçi-siyasətçini getməyə qoymadı. Dördü bir yerdə yeyib-içəndən sonra şair qədəhi götürüb sağlıq əvəzinə hər şeyi bildiyini, gördüyünü, həmin gün qadının əyninə hansı paltonu geyindiyini, onun rənginə uyğun hansı çantanı götürdüyün söylədi, evdən çıxa biməyəcəyi haqqında həmin gün onun şairə yazdığı mesajı oxudu, axırda da heç kimdən incimədiyini bildirdi. “Mən bilirəm, xəyanət təzələnmək istəyidir, yenilənmək ehtirasıdır, insanı bundan məhrum etmək günahdır” deyib kövrəldi. Ancaq qəfildən üzünü Qaraxan tutub acıqlı-acıqlı dedi: -
- Mən sevgilimi sənə vermək istəmirəm... – sözünə ara verdi, - mən onu sənə satmaq istəyirəm. Bir şüşə araq al, halallaşaq.
O gündən sonra daha bu komanı yığışdıran olmadı.

* * *

Qaraxan qapını açıb otağa girəndə işıqlar sönmüşdü. O, şam axtarmağa tələsmədi, pərdənin ətəyini qaldırıb ipinə keçirdi, pəncərədən düşən lüt ay işığında masanın üstünə üç qədəh qoydu.



Teqlər:





Xəbər lenti