Ombudsman Ciddədə tematik müzakirələrdə iştirak edib
Müvəkkil mövcud çağırışlar fonunda hər kəsin sağlamlıq hüquqlarının bərabər imkanlarla təmini istiqamətində daha səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, müvafiq sahədə fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə insan hüquqlarının qorunması haqqında illik məruzələrində həmin hüquqlarının təmini istiqamətində bir sıra tövsiyələr irəli sürdüyünü qeyd edib.
Ombudsman iqlim dəyişmələri ilə mübarizə sahəsində Azərbaycanda bir sıra əhəmiyyətli islahatların həyata keçirildiyini, eləcə də ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib.
Ekoloji cinayətlərin insanların sağlamlığına təsirindən danışan S.Əliyeva Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji cinayətlərdən bəhs edib. Müvəkkil işğal müddətində Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə törətdiyini, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışına maneə yaratdığını, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3 400-dən çox şəxsin mina qurbanı olduğunu diqqətə çatdırıb.
Ombudsman otuz ilə yaxın işğal müddətində ərazilərimizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, su hövzələrinin zərərli maddələrlə çirkləndirildiyini bildirib. Müvəkkil, həmçinin istismara yararsız olmasına baxmayaraq fəaliyyətini davam etdirən və ətraf mühiti ciddi şəkildə çirkləndirən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini də qeyd edib.
S.Əliyeva beynəlxalq ictimaiyyəti sağlam ətraf mühitdə yaşamaq hüququnu kobud şəkildə pozan bu kimi cinayətlərə biganə qalmamağa çağırıb.
AzVision.az
Teqlər: