`Ötən il qaz hasilatında artım olub` - Nazir

`Ötən il qaz hasilatında artım olub` - Nazir
  15 Yanvar 2016    Oxunub:2059
2015-ci ildə Azərbaycan neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı təmin edib.
Bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, 2015-ci il ərzində respublikada 40,7 mln. ton proqnoza qarşı 41,6 mln. ton neft hasil edilib, hasil olunan neftin 31 mln. tonu (867,0 min ton proqnozdan çox) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,3 mln. tonu “Şahdəniz”in (kon-densat), 8,2 mln. tonu isə SOCAR-ın payına düşüb.

Nazir bildirib ki, ötən il respublikadan 36,9 mln. tonu konsorsiuma, 1,2 mln. tonu SOCAR-a məxsus 35,1 mln. ton neft ixrac edilib, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynayıb: “Gündəlik ötürmə gücü 1,2 mln. barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə, Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır”.

N. Əliyev bildirib ki, Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 mlrd. kubmetr həcmində qərarlaşıb: “Bunun 22,2 mlrd. kubmetri AÇG (12,3 mlrd. kubmetr) və “Şahdəniz” ( 9,9 mlrd. kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 mln. kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 mln. kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur”.

N. Əliyev deyib ki, gələn il üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3 mlrd. kubmetr, “Şahdəniz” üzrə 10,1 mlrd. kubmetr, AÇG üzrə 12,9 mlrd. kubmetr civarında müəyyənləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti