Gələn il çətin olacaq – Dövlət nə etməlidir?

Gələn il çətin olacaq – Dövlət nə etməlidir?
  28 Dekabr 2015    Oxunub:21004
Başa vurduğumuz 2015-ci il bir çox hadisələrlə yadda qaldı. İlin ən önəmli iqtisadi hadisəsi neftin dünya bazarında kəskin ucuzlaşması və Azərbaycan manatının ikinci dəfə devalvasiyaya uğraması oldu.

2015-ci il ölkəmiz üçün asan il kimi yadda qalmayacaq. Dünyada cərəyan edən hadisələr, lider dövlətlərin neft maxinasiyası ölkəmizdən də yan keçmədi. Nəticədə Azərbaycanın dövlət gəlirləri əvvəlki illərlə müqayisə də kəskin azaldı.

Ölkə başçısı da çıxışlarında bir neçə dəfə bəyan edib ki, gələn il Azərbaycan üçün asan il olmayacaq: “Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik”.

Hazırki proseslər də onu deməyə əsas verir ki, qarşıda bizi gözləyən 2016-cı il çətin keçəcək.

İqtisadi çətinlikdən xilas olmaq üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Samir Əliyev AzVision.az-a bildirib ki, böhran tək 2016-cı ili yox, yaxın 5 ili əhatə edəcək.

Ekspertin fikrincə, hökumət antiböhran proqramı hazırlamalıdır: “Yaxın 5 ildə görüləcək bütün işlər həmin strategiyada öz əksini tapmalıdır. Buna təkcə 2016-ci il prizmasından baxsaq düzgün olmazdı. Çünki 2017, 2018-ci illərin necə olacağını heç kim bilmir. Odur ki, iqtisadiyyatda liberallaşma, islahatlar aparılmalıdır. İlk növbədə gömrük sistemi liberallaşmalıdır. Ölkəyə məhsul daxil olması ilə bağlı mövcud problemlər tam aradan qalxmalıdır. Devalivasiyanın neqativ təsirlərini tam aradan qaldırmaq istəyiriksə, bunun ilk açarı gömrükdür”.

İqtisadçı hesab edir ki, büdcə xərclərini azaltmaq üçün bir sıra lazımsız və təkrarlanan dövlət qurumlarının birləşdirilməsi istiqamətində addımlar atılmalıdır.



Özəl sektorun inkişaf etdirilməli olduğunu deyən S.Əliyevin sözlərinə görə, kiçik və orta sahibkarlığa daha böyük diqqət yetirilməlidir: “Bu sahələrin inkişafı ilə ixracı stimullaşdırmaq mümkündür. İxracı stimullaşdırmadan qeyri-neft sektorunu inkişaf etdirə bilmərik. Əsas odur ki, islahatlar kompleks şəkildə aparılmalıdır. Bir istiqamətdə aparılan islahat öz effektini verməyəcək”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov hesab edir ki, iqtisadi çətinlikdən yaxa qurtarmaq üçün ciddi islahatlar aparılmalıdır.

“Azərbaycan hökuməti çevik addımlar atmalıdır. Elə etməliyik ki, Azərbaycanın dövlət büdcəsi neftdən gələn gəlirlərdən yox, qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşsın. Sənaye, kənd təsərrüfatı, insan kapitalı, turizm, informasiya texnologiyaları sistemini inkişaf etdirməklə büdcəni doldura bilərik. Elə sahələrə investisiya yatırılmalıdır ki, həmin sahələr Azərbaycan büdcəsinə gəlir gətirsin. Bu istiqamətdə hökumət çevik işləməlidir. Əsas məsuliyyət hökumətin üzərindədir. Dövlət çevik istehsal sahələri yaratmalı, kənd təsərrüfatı ilə bağlı rayonlarda köhnəlmiş, özəlləşdirilmiş müəssisələr işlədilməli, avadanlıqlar yenilənməlidir”-deyə V.Əhmədov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti