Bəzi banklar ləğv edilə bilər
Dünya iqtisadiyyatında baş verən son proseslər, manatın ikinci devalvasiyası və problemli kreditlərin həcminin artması Azərbaycanda bankların fəaliyyətində ciddi çətinliklər yaradıb. Bu baxımdan vəziyyətdən çıxış yolu kimi bəzi bankların ləğv olunması və birləşdirilməsi təklif olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bəzi bankların birləşməsi və ya ləğv olunması vacib məsələdir. Deputatın sözlərinə görə, bankların ləğv olunması birdən-birə deyil, mərhələli şəkildə həyata keçirilməlidir.
“Bankların birləşməsi getdikcə sürətlənəcək. Çünki başqa çıxış yolu yoxdur. Buna müəyyən qədər vaxt lazımdır. Hesab edirəm ki, kiçik banklar birləşdirilmsi, böyük banklar yaradılmalıdır. Azərbaycanda bankların sayı olduqca çoxdur və bu durum günün reallığına uyğun deyil”.
İqtisadçı deputat hesab edir ki, ölkədə bankların sayı ən yaxşı halda 15 və ya 20 olmalıdır: “Hazırda iri dövriyyə vəsaitləri olan bir neçə bank var. Belə bankların kredit portfelləri yüksək olmalıdır ki, krediti aşağı faizlə versinlər. Ən yaxşısı isə bankların birləşməsidir.
Hesab edirəm ki, bankların konsolidasiyası bazara müsbət təsir edə bilər. Bu, ilk növbədə kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxaracaq. Elə banklar var ki, zərərlə işləyirlər. Zərərlə işlədikləri üçün əhalidən külli miqdarda əmanət toplaya bilmirlər və faizləri də yüksək verirlər. Azərbaycanda elə bank var ki, 30-35%-lə əhaliyə kredit verir. Hansı ki, əhalidən əmanətləri 10%-lə qəbul edir. Yəni, burada çox ciddi problem var. Banklar birləşdikdən sonra isə kapitalları çox olacaq, dövriyyə vəsaitləri, likvidlik artacaq. Onda banklar kredit faizlərini də aşağı salmağa məcbur olacaq”, - deyə V. Əhmədov vurğulayıb.
Anar Kəlbiyev