Allahşükür Paşazadə dünyaya səsləndi

Allahşükür Paşazadə dünyaya səsləndi
  21 Fevral 2013    Oxunub:1425
Şeyxülislam dünya ictimaiyyətinə müraciət edərək Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə bildirilir ki, artıq iyirmi bir ildir ki, Xocalı faciəsi beynəlxalq səviyyədə qınaq obyektinə çevrilməyib, onun baiskarları lənətlənməyib: “1992-ci il fevralın 26-da bütöv bir şəhərin - minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil və amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Lakin təəssüf və təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımızı lazımi etina ilə qarşılamır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ də sükutla keçirlər”.

A.Paşazadə müraciətində dünya ictimaiyyətini sayıq olmağa, erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə adlandırmağa çağırıb: “Üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram”.


Teqlər:





Xəbər lenti