Dolları olanlar “excange”lərə axışır - FOTOLAR

Dolları olanlar “excange”lərə axışır - FOTOLAR
  23 Dekabr 2015    Oxunub:10615
Azərbaycanda manatın “üzən məzənnə”yə keçməsi valyutadəyişmə məntəqələrinin işinə ciddi təsir edib.
Dolların Mərkəzi Bankın ötən gün verdiyi qərarla 50 faiz bahalaşması əmanətini bu valyuta ilə saxlayan paytaxt sakinlərinin üzünü güldürüb.

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, ötən gündən başlayaraq onlara dolların manata çevrilməsi üçün çoxsaylı müraciətlər daxil olur.

“Excange”lərdən bildirilib ki, əmanətini dollarla saxlayan vətəndaşlar devalvasiyadan yararlanmaq üçün valyutadəyişmə məntəqələrinə üz tutaraq, pullarını manatla dəyişirlər.

“Ötən gündən başlayaraq bizdə dollar alışı xeyli aktivləşib. Əvvəlki günlərdən fərqli olaraq, müştəriləmiz əsasən dollarını manata çevirmək üçün müraciət edirlər. Bir çoxları “üzən məzənnə”yə keçildiyindən dolların dəyərdən düşməsindən ehtiyat edib, pulunu manata çevirməyə üstünlük verir”,-deyə qeyd edilib.



“Excange”də çalışan Elçin Mahmudovun sözlərinə görə, müştərilər arasında dollar almaq istəyənlər də az deyil: “Bir çox müştərilərimiz əllərindəki manatla dollar almaq istəyirlər. Hesab edirlər ki, dollar yenidən bahalaşa bilər. Bu baxımdan dollar almaq istəyən vətəndaşlar da bizə müraciət edirlər”



Valyutadəyişmə məntəqələrinə üz tutan müştərilər pullarını niyə manata çevirdiklərini belə izah ediblər:

“Yaxşı ki, vaxtında pulumuzu manatla yox, dollarla saxlamışıq. İndi də dollar bahalaşıb, bizim xeyrimizədir. Əlimizdəki pullardan bir qismini manata dəyişib, işlərimizi görəcəyik”-deyə sakinlər bildiriblər.

Ekspertlərin fikrincə, dolları olan vətəndaşların valyutadəyişmə məntəqələrinə axışması normal haldır. Onlar dolların qiymətinin düşməsindən ehtiyat edərək bu addımı atırlar.

“Əmanətlərini dollarla saxlayan vətəndaşlar fürsətdən istifadə edib, yaxşı qazanc əldə etməyə çalışacaqlar. Devalvasiyadan sonra daşınmaz əmlakın ucuzlaşması imkanlı şəxslərin bu sahəyə axınını sürətləndirəcək. Dollarları evdə saxlamaq onlar üçün faydalı olmazdı. Əksinə bu imkandan istifadə edib, əldə olan pulları dövriyyətə buraxmaq daha məsləhətlidir”.



Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının dekabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi 1,5511 (21 dekabr - 1,5500 manat) manat təşkil edib.

Manata nəzərən avronun məzənnəsi isə 1,6939 manat (21 dekabr - 1,6850 manat) olub.

Ötən gün Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və dolların qiyməti 50 faiz bahalaşaraq 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat olub.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla



Teqlər:





Xəbər lenti