Azərbaycan “Günəşli”də nə qədər pul itirdi?

Azərbaycan “Günəşli”də nə qədər pul itirdi?
  18 Dekabr 2015    Oxunub:4360
“Son 11 gündə “Günəşli” yatağındakı yanğına görə Azərbaycan bir milyon manatdan çox pul itirib”.

Bunu AzVision.az -a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülü ətrafında olan 28 quyudan 26-sı neft quyusudur. Amma onlardan ikisi işlək vəziyyətdə olmayıb.

““Günəşli” yatağındakı 10 saylı platforma 1984-cü ildə tikilib və istismar müddəti 50 ildir. Burada neft hasilatı 950 ton, qaz isə 1 milyon kub metrə bərabərdir. Bu isə onu deməyə əsas verir ki, yatağın hər gün işləməməsi büdcəyə 950 ton neft, 1 milyon kub metr qaz itkisi hesabına başa gəlir”.



Ekspertin sözlərinə görə, hadisə nəticəsində baş vermiş yanğın yatağa ziyan vurmayıb və yatağın bundan sonra da istismarı mümkündür: “Yanğın olan platformada 31 ildir ki, hasilat gedir. Platformanın ömrü 50 il nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, platforma ömrünün yarsından çoxunu başa vurub.

Hadisədən sonra həmin quyulara qaz vurulması dayandırıldığından neft laylardan platformanın üstünə öz gücü hesabına çıxa bilmədi. Platformada yanma dayandı. Yanan ancaq qalıq neft oldu. O da söndü. Təkcə 1 neft quyusunda laydan axın olduğu üçün yanğın davam edir. Həmin quyu isə bu bazar ertəsi söndürüldü. Neft hasil edilmirsə, demək ziyan deyil, çünki yerin altındadır. Daha sonra istismar olunub satılacaq. Hazırda qaz quyuları yanır.

Onlardan gündə 1 mln m3 qaz hasil edilirdi. Burada isə təbii ki, iqtisadi ziyan var. 11 gündür ki, yataq yanır. Son 11 gündə 11 milyon m3 qaz itirmişik. Həmin qaz ölkə daxilinə yönəlir. 1 milyon m3 qazın qiyməti isə daxili bazarda 100 min manatdır. Deməli, Azərbaycan bu bir neçə gündə 1 milyon 100 min itirib”.

SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə isə hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, platformada maddi itkilər gündə 900 ton neft və milyon kubmetr qazdır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti