SOCAR qənaət rejiminə keçir - Xərclər azaldılır

SOCAR qənaət rejiminə keçir - Xərclər azaldılır
  15 Dekabr 2015    Oxunub:7268
Dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, qiymətin 40 dollar/bareldən aşağı düşməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
SOCAR-ın mətbuat xidmətindən AzVision.az - a verilən xəbərə görə, SOCAR prezidentinin əmrinə əsasən, bu istiqamətdə növbəti tədbirlər müəyyənləşdirilib. Belə ki, SOCAR-ın strukturuna daxil olan qurumların həyata keçirdiyi texnoloji fəaliyyətə xələl gətirmədən onların gəlir və xərclər smetası, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayı və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulan əsas məsələlərdəndir.

Şirkətdə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə layihə risklərinin əhəmiyyətlilik dərəcəsinə əsasən ardıcıllığı müəyyən edilmiş risklər siyahısının Layihə Risklərinin xəritəsinin tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması haqqında göstəriş verilib.

Əmrdə, həmçinin SOCAR tərəfindən sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyəti, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri əksini tapıb. Neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib. Şirkətin struktur bölmələrinə həmçinin, neft və qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

Bununla yanaşı, 2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub. Bu sahədə mövcud xərcləri sıfra endirmək məqsədi ilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə eyni zamanda, təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədi ilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.


Teqlər:  





Xəbər lenti