Neftin qiymətinin `dibi` haradır?
Hazırda dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması prosesi davam edir.
Neftin qiyməti nə qədər ucuzlaşa bilər?
İqtisadçı Vüqar Bayramov AzVision.az-a bildirib ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsində müəyyən iqtisadi faktorlar olsa da, bütün hallarda siyasi faktorlar öndə durur.
Ekspertin fikrincə, siyasi faktorlar səbəbindən neftin dünya bazarındakı qiymətində azalmalar müşahidə ediləcək.
“Hər hansı bir məhsul üçün ən aşağı hədd yoxdur. İqtisadi baxımdan ən aşağı hədd onun maya dəyərini götürmək mümkündür. Neftin maya dəyəri isə ölkələr üzrə fərqlidir. Azərbaycan Dövlət Neft Şirkətinin istehsal etdiyi neftin maya dəyəri 15 dollardır. Ərəb ölkələrində bu, hətta 6 dollara qədər azalır. Rusiyada neft dərin su qatlarından çıxarıldığı üçün daha bahadır. Həmçinin ABŞ və Kanadada 1 barel neftə çəkilən xərc nisbətən çoxdur”.
İqtisadçı qeyd edib ki, neftin dünya bazarında qiymətinin hər barel üçün 20 dollara qədər düşməsi mümkündür: “Siyasi faktorların təsiri həlledici olarsa, o zaman biz 1 barelin 20 dollara təklif edilməsini müşahidə edə bilərik. Əgər neftin qiyməti 20 dollardan da aşağı düşərsə, bu süni şəkildə və ya dolayı inzibati metodlarla neftin dünya bazarında qiymətinin aşağı salınması deməkdir. Amma bütün hallarda neftin dünya bazarında qiymətinin 20 dollara düşməsi mümkündür. Çünki neftin qiyməti psixoloji hədləri keçib. Bu həddi keçdiyi üçün, eləcə də beynəlxalq ekspertlərin də qiymətləndirilməsini nəzərə alsaq, qiymətin 20 dollara düşməsi mümkündür”.
V.Bayramov hesab edir ki, yaxın vaxtlar üçün neftin qiymətinin artacağı gözlənilmir: “Nəzərə almaq lazımdır ki, indiki məqamda bütün iqtisadi və siyasi faktorlar neftin dünya bazarında qiymətinin aşağı düşməsinə təsir edir. Hal-hazırda neft təklifi də çoxdur. Belə bir deyim də varki, “dünya neft içərisində üzür”. Neftin qiymətinin aşağı olmasına baxmayaraq, istehsalatçı ölkələr daha çox ixrac etməyə çalışırlar. Çalışırlar ki, daha çox gəlir əldə etsinlər. Çünki neftin dünya bazarında qiymətinin daha aşağı düşmə qorxusu var. Yaxın vaxtlarda qiymət azalmaları davam edəcək. O baxımdan ki, OPEC hasilatın azaldılması ilə bağlı qərar qəbul etmədi. Digər tərəfdən İranın fəal şəkildə bazara çıxış imkanları artıb”-deyə o vurğulayıb.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, neftin qiyməti 30 və 20 dollardan da aşağı səviyyədə olub. Ekspert vurğulayıb ki, 1984-cü ildə neftin qiymtində 6 ay ərzində 30 % ucuzlaşma halı baş verib: “Sonrakı illərdə 1985-86-çı illərdə 1 barel neft 10 dollara qədər düşüb. Həmçinin 2008-ci ildə neftin qiyməti 146 dollardan birdən-birə 36 dollara qədər enib. Lakin dünya iqtisadiyyatının həmin vaxtları mənim fikrimcə, çoxdan arxada qalıb. Hazırda tələb və təkliflər tamamilə başqa ampuladadır. Belə ki, neftin qiymətinin ucuzlaşmasının psixoloji həddi əslində 50 dollardan aşağı hesab olunurdusa, 40 dollar və ondan aşağı eniş "fəlakət" sayılır. Çünki nəzərə alsaq ki, qiymətlərin ucuzlaşması il yarımdır davam edir, bu o deməkdir ki, hasilatla məşğul olan şirkətlər artıq, tam "kasıblaşıb". Yəni, belə bənzətmə ilə qeyd edək ki, kəskin və qısamüddətli ağrıya dözmək mümkün olsa da, uzunmüddətli ağrı orqanizmi haldan salır”.
P.Heydərov əlavə edib ki, hazırda əlavə investisiya imkanları tükənib: “Bazarda hazırda artıqlıq - izafi məhsul mövcud olsa da, yaxın perespektivdə bunun ardı gəlmir. Qiymətlər uzun müddət 40 dollardan aşağı düşəsi olsa, onda gərək, Böyük Britaniya, Kanada kimi ölkələrdə hasilat dayansın. Bunu təsəvvür etmək çətindir. Düşünürəm ki, neftin qiymətinin son həddi 40 ABŞ dolları məbləğindədir. Qısa zaman kəsiyində, 35-ə də vurmaq ehtimalı vardır”.
Anar Kəlbiyev
Teqlər: