“Statoil” TAP-dakı səhmlərini satır

“Statoil” TAP-dakı səhmlərini satır
  01 Dekabr 2015    Oxunub:2030
İtaliyanın “Snam” şirkəti Norveçin “Statoil” şirkətinin “Trans-Adriatik” (TAP) boru kəməri layihəsindəki 20 faizlik səhmini alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Statoil”un rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, iki şirkət arasında 208 milyon avro dəyərində alğı-satqı müqaviləsi imzalanacaq. Müqavilənin ilin sonuna kimi imzalanması planlaşdırılır.

“Cənub” qaz dəhlizi layihəsinin bir hissəsini təşkil edən və uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).


Teqlər:  





Xəbər lenti