Azərbaycanda ikinci devalvasiya qorxusu

Azərbaycanda ikinci devalvasiya qorxusu
  11 Noyabr 2015    Oxunub:5656
Son günlər ölkəmizdə dolların bahalaşması prosesi davam edir.
Mərkəzi Bankın bu günə olan məzənnəsinə görə, 1 dollar 1.0504 manatdır. Ötən gün isə 1 dollar 1.0501 manata satılırdı. Bu xəbərlərdən sonra valyutadəyişmə məntəqələrində canlanma müşahidə olunur. İnsanlar arasında ikinci devalvasiya qorxusu yaşanır.

İqtidarçı millət vəkili Vahid Əhmədov AzVision.az-a bildirib ki, növbəti devalvasiya gözlənilirsə, elə etmək lazımdır ki, insanlar bunun şok effektini yaşamasınlar.

Deputat qeyd edib ki, ehtiyac olacağı təqdirdə yumşaq devalvasiya aparmaq lazımdır:

“Hazırda Mərkəzi Bankın ehtiyyatı 7 milyarda yaxındır. Onu sərf edib bitirməyə ehtiyac yoxdur. Əgər ehtiyac yaranıbsa, yumşaq devalvasiya aparmaq lazımdır ki, insanlar bunu hiss etməsinlər. Son proseslər də göstərir ki, neftin qiymətində hər hansı bir artım gözlənilmir. Yaxın illər üçün belə olacağı proqnozlaşdırılır. Manatın da vəziyyəti daha çox neftin qiymətində asılıdır”.


İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, son günlər dolların bahalaşması insanlar arasında gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir.

“Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimizdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Dolların bugünkü bahalaşmasını heç də üzn məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, bugünkü bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz: “Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir.

Devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır. Bu, "üzən məzənnəyə keçid" adı altında da ola bilər, fevral ayında olduğu kimi "valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq" adı altında. Hər bir halda bütün yollar opa aparır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti