Azərbaycanda dollar həyəcanı

Azərbaycanda dollar həyəcanı
  11 Noyabr 2015    Oxunub:4757
Xəbər verdiyimiz kimi, Azərbaycanda Amerika Birləşmiş Ştatları (ABŞ) dollarının məzənnəsi son 7 ayda ən yüksək həddə çatıb. Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnələrdə dollar 1,0501 manat dəyərində müəyyən edilib.

Bu qiymət aprel ayından indiyə qədər dolların ən yüksək rəsmi məzənnəsidir. Belə ki, aprelin 20-də 1 dollar 1,0502 manata bərabər idi.

Artıq valyuta mübadiləsi məntəqələrində də əvvəlki illərlə müqayisədə qiymət artımı müşahidə olunur. Hazırda mübadilə məntəqələrində 1 dollar alıcılara 1.0503 manatdan təklif edilir.

Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var:

"Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".



Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.

Pulunu dollara çevirən şəhər sakini Fazil adlı şəxs əlində olan əskinasları xarici valyutaya çevirməsinin səbəbini belə açıqlayıb: "Mən pulumu dollara ona görə çevirirəm ki, gələcək aylarda dolların ucuzlaşacağına inanmıram. Ətrafdakı insanlar da deyir ki, gələcək aylarda dollar yenidən yüksələ bilər. Ona görə də dollar yüksədiyi zaman uduzmaq istəmirəm".

Xatırladaq ki, bu ilin avqust ayının 22-də də insanlar arasında dolların qalxacağı ilə bağlı ajiotaj yaranmışdı. Hətta iş o yerə çatmışdı ki, paytaxtda və rayonlarda mübadilə məntəqələrinin çoxu öz fəaliyyətini dayandıraraq dollar satmaqdan imtina etmişdi.

Həmin zaman mübadilə ilə məşğul olan banklarda bir nəfərə yalnız 2000 dollar satılırdı və dollar alan vətəndaşların isə şəxsiyyət vəsiqəsi alınaraq sürəti çıxarılırdı. (Anspress)


Teqlər:  





Xəbər lenti