Avropa Məhkəməsi müxalif jurnalistləri cəzalandırdı

Avropa Məhkəməsi müxalif jurnalistləri cəzalandırdı
  20 İyun 2013    Oxunub:1251
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Azvision.az-a müsahibəsi.
- Bu yaxınlarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Rauf Arifoğlunun və digərlərinin Azərbaycana qarşı şikayəti üzrə qərarlar qəbul edib. Həmin şikayət hansı məsələ ilə bağlı idi?

- 2008-ci ildə bir neçə jurnalist, o cümlədən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Turan” agentliyinin direktoru Mehman Əliyev, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin köşə yazarı Şahvələd Çobanoğlu, habelə “Yeni Müsavat” qəzetinin müxbirləri Azər Ayxan, Zabil Müqabiloğlu, Elşad Məmmədli və Etibar Seyidağa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək onların “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 3 və 11-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasını iddia ediblər.

Şikayətdə göstərilib ki, qeyd edilən şəxslər 2007-ci il iyunun 12-də Dakar meydanından Heydər Əliyev adına Neft Emalı Zavodun yanındakı meydançaya qədər yürüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. İcra Hakimiyyətinin cavabında yürüşün marşrutunun dəyişdirilməsi təklif edilib. Lakin yürüş təşkilatçıları heç bir xəbərdarlıq etmədən və iyirmiyə yaxın iştirakçıları toplayaraq iyunun 12-də Sabir adına parkda mitinq keçirməyə cəhd ediblər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun razılaşdırılmamış toplantını dayandırmaq məqsədilə Sabir adına parka polis nəfərləri gəlmiş və iştirakçıların bir neçəsini bölməyə aparıblar. Bundan sonra ərizəçilər onların polis tərəfindən zorakılığa məruz qalması və sərbəst toplaşmaq azadlığının pozulması barədə məhkəməyə mülki qaydada iddia ilə müraciət ediblər. Bu iddia prosessual əsaslara görə rədd edilib.

- Bəs Avropa Məhkəməsi öz qərardadında hansı nəticələrə gəlib?
- Avropa Məhkəməsindən ərizə barədə kommunikasiya 2010-cu ildə Azərbaycan Hökumətinə daxil olub. Kommunikasiyaya cavab vermək üçün bizim tərəfimizdən Avropa Məhkəməsinin presedent hüququ öyrənilir və məsələnin bilavasitə ərizəçilərlə həll etmək imkanları nəzərdən keçirilir. Bu məqsədlə Azərbaycan Hökuməti ərizəçilər ilə barışıq sazişinin bağlanması təşəbbüsü ilə çıxış etdi. Avropa Konvensiyasının 39-cu maddəsinə müvafiq olaraq, barışıq sazişi ilə bağlı proses konfidensial xarakter daşıyır və yalnız Avropa Məhkəməsi tərəfindən təsdiq edildiyi halda barışıq sazişinin şərtləri açıqlana bilər.
Buna baxmayaraq, ərizəçilər və onların vəkili barışıq sazişinin şərtlərini mətbuatda müzakirə etməyə başlamış, hətta məsələ ilə bağlı mətbuat üçün konfrans keçirmiş, yəni prosesin konfidensial xarakterini açıq-aşkar pozublar.
Azərbaycan Hökuməti prosesin iştirakçısı olaraq bu pozuntu ilə bağlı Avropa Məhkəməsinə etiraz təqdim etmiş və Avropa Məhkəməsi etirazı qəbul edərək ərizəçilərin şikayətlərini rədd edib.

- Yəni bu pozuntu olmadığı və barışıq sazişi təsdiq edilmədiyi təqdirdə Azərbaycan tərəfindən sərbəst toplaşmaq azadlığının pozulması barədə qərar qəbul edilə bilərdi?
- Belə yanaşmanı yanlış adlandırardım. Avropa Məhkəməsinə göndərdiyimiz şərhlərdə də göstərilmişdir ki, Azərbaycan dövlət orqanları tərəfindən görülmüş tədbirlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə tam uyğun olub.

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər düzəltmək hüququ təsbit edilib. Beynəlxalq təşkilatların rəyinə görə, bu hüququn həyata keçirilməsini tənzimləyən ölkəmizin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu Avropa standartlarına uyğundur.

“Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq toplantıların hər hansı birini təşkil edən şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün təqdim edilməlidir.

Toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq, bu hüquq müxtəlif formalarda, o cümlədən yürüşün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda bu məsələlər əks etdirilib.

İsveçrəyə qarşı bir işdə Avropa Məhkəməsi bildirmişdir ki, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı razılaşdırma prosedurunun tətbiq edilməsinin özü heç də bu hüququn pozulması demək deyil. Bu prosedur dövlət orqanları tərəfindən toplantının dinc xarakterinin təmin edilməsi üçün yerinə yetirilməlidir.
Hər halda, hər bir toplantının yeri və vaxtı, yürüşün isə marşrutu müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Razılaşdırma proseduru məhdudiyyətin bir formasıdır. Lakin, hesab etməyin ki, bu, son dərəcədə sərt məhdudiyyətdir. Bir çox ölkələrdə toplantı keçirmək üçün icazə alınmalıdır.
Məsələn, İsveçrədə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa əsasən, toplantının keçirilməsi üçün icazə üçün müraciət etməmiş, icazənin müddəalarına əməl etməyən, yaxud toplantı zamanı polisin tələblərinə riayət etməyən şəxslər 110 min ABŞ dolları məbləğində cərimələnir.

Eyni zamanda, Azərbaycan qanunvericiliyinin tələblərinə görə, razılaşdırılmamış toplantının dayandırılması üçün polis orqanlarının müvafiq vəzifələri və hüquqları var.
Bizim tərəfimizdən barışıq sazışınin bağlanması təşəbbüsünün irəli sürülməsi ərizəçilərin iddiasına məhkəmələrdə baxılması zamanı müəyyən prosessual səhvlərə yol verilməsi ilə bağlı olub.

- Ərizəçilərin bu qərardada münasibəti necə oldu?
- Maraqlıdır ki, qərardadın qəbul edilməsindən müəyyən müddətin keçməsinə baxmayaraq, onun barəsində mətbuatda bir kəlmə də söz deyilmədi. Ərizəçilərin müəyyən kütləvi informasiya vasitələrinin rəhbərləri və əməkdaşları olduğunu nəzərə alaraq, biz mətbuatda hər hansı reaksiyanın verilməsini gözlədik. Lakin görünür ki, Avropa Məhkəməsində öz davranışına görə işi uduzan jurnalistlər bu barədə açıqlama vermək arzusunda deyillər. Yalnız “facebook” internet şəbəkəsində ərizəçilərin vəkili qısa olaraq bildirmişdi ki, bu işi uduzub, özü və müdafiə etdiyi jurnalistlər səhvə yol verib, Azərbaycan Hökuməti isə bu səhvdən səmərəli şəkildə yararlandı.

Onu da əlavə etmək istərdim ki, Avropa Məhkəməsi tərəfindən bu qərardadın qəbul edilməsi Azərbaycan cəmiyyətində jurnalist məsuliyyətinin lazımı səviyyədə olmadığını göstərir. Görünür ki, bu problem olaraq qalır və jurnalistlər nəinki yoxlanılmamış və yalan məlumatları, hətta açıqlanmasına yol verilməyən məlumatları öz məsuliyyətini dərk etmədən yayırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti