Dindarlar İlham Əliyevin namizədliyini dəstəklədi

  19 İyun 2013    Oxunub : 409
Dindarlar İlham Əliyevin namizədliyini dəstəklədi
Qubada dini icmalar üçün iki günlük regional konfrans işinə başlayıb
Bu gün Quba rayonunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiİslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Vahid Əhmədov, Prezident Adminstrasiyasını nümayəndəsi eləcə də digər rəsmi şəxslər, QMİ-nin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil və tər güllər düzüb, Ümummili Liderin xatirəsi ehtiramla anılıb. O cümlədən Şəhidlər xiyabanı ziyarət edilib.

Konfrasın açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Qubadakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin dördüncüsü olduğunu diqqətə çatdırıb.

Komitə sədri bu konfransın ölkəmizdəki dövlət-din münasibətlərinə müsbət təsirlərini diqqətə çatdırıb və qeyd edib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib.
“Ümummilli Lider Heydər Əliyevin “Biz dünyəvi dövlətik amma dindən də ayrı deyilik” fikrini vurğulayan E. İskəndərov deyib ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox ruhanilərin üzərinə düşən məsuliyyətdir. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”.

E. İskəndərov bu ilin ölkə ictimaiyyəti üçün mühüm il olduğunu diqqətə çatdırıb və qarşıdan gələn prezident seçkilərində dini icmaların fəal iştirak edəcəyinə əminliyini ifadə edib.

Konfransın sonunbda din xadimləri “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda Regional Konfransın iştirakçılarının Bəyanatına Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı maddənin əlavə edilməsini təklif edib və bu təklif birmənalı olaraq dəstəklənib.

Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 5şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulub.


Mirvari

Teqlər: