Azərbaycanı gözləyən çətin il...
Bu fikirləri prezident İlham Əliyev ötən həftə Göyçaya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib. Gələn ilin iqtisadi baxımdan çətin olacağının anonsunu verən ölkə başçısı ölkəmizin uğurlu inkişafı üçün heç bir problemin olmayacağını əminliklə diqqətə çatdırıb.
Prezident çıxışlarında bu məsələyə həssaslıqla toxunaraq məmurları israfçılığa yol verməməyə çağırıb.
Eksperlər də 2016-cı ildə ölkə iqtisadiyyatının böyük sınaq qarşısında qalacağını hesab edirlər. Gələn ilin dövlət büdcəsinin gəlirlər və xərclərinin 4 milyarda yaxın azaldılması da bunu deməyə əsas verir.
Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov da gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 50 dollar həcmində nəzərdə tutulduğunu deyib.
Nazir qeyd edib ki, optimist variant kimi neftin bir barelinin qiyməti 60, pessimist variant kimi isə 40 dollar nəzərdə tutulur.
S.Şərifovun fikrincə, 2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan iqtisadiyyatının inkişafında azalma müşahidə olunacaq.
Dövlət büdcəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da dünya iqtisadiyyatında geosiyasi gərginliklərin artdığını, iqtisadi ticarət və iqtisadi aktivliyin zəif olaraq qaldığını deyib.
Baş bankir onu da qeyd edib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq.
AzVision.az-a açıqlama verən iqtisadçı Samir Əliyev deyir ki, son dövrdə dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsir edib.
“Bu günə kimi neft gəlirləri hesabına daim iqtisadi inkişaf baş verib. İndi isə neft gəlirləri kəskin, yəni bir neçə dəfəyə qədər azalıb. Belə vəziyyətdə büdcəyə daxil olan neft gəlirləri də azalıb. Hazırda iqtisadi aktivlik demək olar yox dərəcəsindədir, bir növ süstlük yaradıb. Neft gəlirlərinin artması tək neft sektorunun sıradan çıxmasına səbəb olmayıb, həm də iqtisadiyyatda dövlətin payının artmasına gətirib çıxarıb.
Məsələn, bütün kommunal sektor dövlətin əlindədir. Nəqliyyat sisteminin adı özəldir, əslində isə dövlətin nəzarətindədir. Tikilən obyektlərin demək olar ki, hamısı dövlət hesabına tikilir. Yol, tikinti dövlət büdcəsindən ayrılan investisiya xərcləri hesabına baş verir. Baxmayaraq ki, ümumdaxili məhsulda özəl sektorun payı çoxdur, bu gün əsas iqtisadiyyata pul çıxışı məhz dövlət büdcəsi hesabına baş verir. Bu gün dövlət büdcəsinə ayrılan pulun azalması nəticəsində iqtisadiyyat pulsuz qalıb”.
S. Əliyev hesab edir ki, iqtisadiyyatın zəifləməsi obyektlərin bağlanmasına, daşınmaz əmlak bazarında süstlüyə, tikinti sektorunda azalmaya səbəb olub.
“Neft azaldığına görə büdcədə 5 milyard azalma olub. Odur ki, gələn il büdcədən investisiya xərcləri azalacaq. Daha çox prioritet sahələrə, o cümlədən yarımçıq qalmış layihələr maliyyələşdiriləcək. Yeni layihələrə bir o qədər diqqət yetirilməyəcək. Dövlət sifarişi ilə işləyən tikinti şirkətləri daha çox zərər görəcək. Bank sektoru devalvasiyanın təsiri nəticəsində çox çətin durumdadır, hələ bunun təsirindən çıxa bilmir. Növbəti devalivasiya bank sektoru üçün çox ağır nəticələr verə bilər. Buna görə hökumət mütləq qeyri-neft sektorunu inkişaf etdirməsini prioritet elan etməldir. Düzdür, artıq prioritetdir”.
İqtisaçdı əlavə edib ki, ilk növbədə inhisarçılıq aradan qaldırlmalıdır. Onun sözlərinə görə, bu aradan qalxmayınca, inkişafdan danışmağa dəyməz. Qeyri-neft sektorunun inkişafı kiçik və orta sahibkarlığın inkişafından gedir: “Prezident də çıxışında inhisarçılığın aradan qaldırılmalı olduğunu söylədi. Kiçik və orta sahibkarlığın inkişafı ona görə lazımdır ki, yeni iş yeriləri açılır, rəqabət yaranır. Bundan başqa gömrük rüsumu sadələşdirilməlidir. Bu gün gömrük çox böyük problem yaradır. Qiymətlərin bahalaşmasında, inhisarın formalaşmasında bu əvəzsizdir. Ona görə də gömrük sistemi sadələşdirilməlidir. Ən azı baş vermiş və gələcəkdə baş verə biləcəyi ehtimal olunan devalivasiyanın aradan qaldırılması baxımından gömrük sistemi sadələşdirilməlidir”.
İqtisadçı hesab edir ki, kiçik və orta sahibkarlığın ucuz resurslara çıxışı təmin edilməldir. Onlar 20-30%lə kredit götürməməlidirlər. Sahibkarların kreditləri 10-% civarından çox olmamalıdır.
S.Əliyev sonra vurğulayıb ki, çətin durumdan çıxış yolu kimi büdcə yükü azaldılmalıdır, lazımsız qurumlar birləşdirilməlidir, kommunal sektor özəlləşdirilməldir, dövlət büdcəsindən ayrılan subsidiyalar azaldılmalıdır.
Gültəkin Ələsgər