Həkimlər mükafatlandırıldı

Həkimlər mükafatlandırıldı
  18 İyun 2013    Oxunub:1493
“Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib”.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxışı zamanı deyib.
“Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir.
Məhz elə buna görə də, prezident İlham Əliyev ölkə səhiyyəsinə qiymət verərək deyib ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.

Nazir onu da əlavə edib ki, səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Onun sözlərinə görə, bu gün həmin proqramların icrası nəticəsində ölkədə 27 Hemodializ mərkəzi, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Talassemiya” mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş Diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Bu işlərin nəticəsidir ki, hər il əcnəbi ölkələrə müalicə üçün üz tutan vətəndaşların sayı azalır.

Tədbirin sonunda prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən həkimlər mükafatlandırılıb, “Fəxri Fərman”la təltif olunmaları haqqında səhiyyə naziri Oqtay Şirəliyevin “Səhiyyə işcillərinin təltif edilməsi haqqında” imzaladığı əmri səsləndirilib və hədiyyələr tibb işçilərinə təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti