Atalar sözləri sizi bədbəxt də edə bilər – NLP texnikası

Atalar sözləri sizi bədbəxt də edə bilər – NLP texnikası
  27 May 2015    Oxunub:22139
Zemfira Məmmədqızı, Yaşam koçu
Xüsusi olaraq AzVision.az üçün


Son vaxtlar həyatımın bir hissəsinə çevrilmiş istər Neyro Linqvistik Proqramlaşdırma , istərsə də Yaşam Koçluğu təlimlərində sıx-sıx pozitivə köklənmə, müsbət enerji yaradan, insanı gücləndirən fikirlərin, duyğuların əhəmiyyətindən danışılır.

Bu sahənin hələ ki, tək və çox dəyərli ustadı Babək Bayramovla söhbətlərdə tez-tez dilimizdə, folklorumuzda kök atmış neqativ yüklü metaforalardan, ata sözləri, frazeoloji ifadələrdən və onların pozitivlərlə əvəzlənməsinin zərurətindən danışırıq. Fikirləşdim ki, bir neçə illik jurnalist təcrubəmə əsaslanıb bu istiqamətdə bir addım da mən atım.

* * *

Babalarımız bizə böyük söz ehtiyatı və təlqinlər miras qoyublar. Onların içində insanı zəiflədən, ruhdan salanların yükü çoxdur. İndi bizim işimiz bunların leksikonumuzdan uzaqlaşdırırb pozitiv, ruhlandırıcı metafora və sözlərlə əvəzləməkdir.

Miras demişkən, niyə gələcək üçün yığılan əmanətın adına “qaragünlük” deyiblər, bilən varmı? Gələcəyi qara gün kimi görüb elə belə də proqramlaşdırandan sonra ağ günün siz tərəfə doğru gəlməsi inandırıcı görünürmü? Axı atalar “niyyətin hara, mənzilin ora” deyib.

“Dünya beş gündür, beşi də qara” deyənlərə yox, “dünyanı necə tutsanız? elə də gedəcək” deyənlərə qulaq verin.

“Şər deməsən, xeyir gəlməz” deyib yola çıxanların o yolda xeyirlə rastlaşmaq imkanları sual altındadır. Bəlkə də həmin Xeyir bir gecə sənin qapını çala bilər. Ancaq qapını açmamaq üçün sənə bir təlqin verilib: “Gecənini xeyrindən gündüzün şəri yaxşıdır!” . Yəni, get, sabah gələrsən. Axı “dəmiri isti-isti” də döymək olardı. Çünki “əldən qalanın əlli il qalacağ”ını da eşitmişik.

“Allahdan buyruq, ağzıma quyruq” düşüncəsini “səndən hərəkət, məndən bərəkət”lə əvəzləməsək həyatımızda dəyişiklikkər gözləmək əbəsdir. Öyrədilmiş çarəsizlikdəndir ki, biz məzlumcasına “Quyuya su tökməklə dolmaz” deyib barışıq mövqeyi tutururq. Halbuki, “Dama-dama göl olar” inancı ilə güclənməkdədir fayda.

Arzulara doğru kiçik addımlarla irəliləmək üçün bizə “eşşəyə min, ata çatınca” tapşırırlıb. Gəlib mənzil başına çatanda eşşəyi ata dəyişib daha böyük hədəflər dalınca çapmaq istəyəndə qabağına “Eşşəyə minmək bir ayıb, düşmək iki” deyənlərin çıxması qorxutmasın sizi. Onlar dünyaya uçanların qol-qanadını qırmaq üçün gələnlərdir.

Addımbaşı motivasiyasımızı boğub “Ayağını yorğanına görə uzat”, “Burnun girməyən yerə başını soxma”, “Başından böyük qələtlər eləmə” kimi çərçivələr, məhdudiyyətlər insanın öz gücünə inamını azaltmaqdan başqa bir şey deyil.

“Atan soğan, anan sarımsaq, sən hardan oldun gülməşəkər” iztehzasını dilə gətirənlərə ata-anasının kim olmasından asılı olmayaraq, məhz şəkər dillilərin həmişə qazandıqlarını deyin. “Şirin dilin ilanı yuvasından çıxarmaq” kimi bir üstünlüyü varsa, tündlüyünü artırmaqla öz qabını çatlatmaq qorxusu olan sirkə olmağı niyə seçəsiniz? Yəni “dağa qaldıran oha” nı seçin, “dağdan endirəni” yox. Ən yaxşısı isə “quzu olub süd əmin, qurd olub hürkütməyin”.

“Oddan kül törəyib” məyusluğunu bir kənara qoyun. Qalaqlanmış kül topasının altında ocağa cevrilmək üçün sizi gözləyən bir közün həmişə tapılacağına əmin olun. Dünya idmanı tarixində milyonlar qazananların böyük əksəriyyətinin sözün məcazi mənasında “küllükdə eşələnənlər”dən olduğunu unutmayın.

Sadəcə, güclü iradə, düzgün verilmiş təlqinlər, pozitiv düşüncə və ruh halı ilə əvəzolunmazlığınıza, potensialınıza inamla bənzərsiz və hər kəsin həsəd aparacağı bir həyatı yaşamaq öz əlinizdədir. “Yaşayırıqsa, yaşayaq!” devizi ilə hələlik bu qədər.

P.S.
Təqribən bir il öncə uşaqlarımı fərdi inkişafla bağlı kurslara aparanda özümün bura qədər gələcəyimi planlamamışdım. Sürətli oxu və beyin xəritəsilə başlayıb NLP (Neyro Linqvistik Programladırma) ilə maraqlanmağa başladım. İndi də Yaşam Kouçluğu (coaching) seminarlarındayam. Azərbaycanda çox yeni bir sahənin - NLP, Koçing, fərdi özünüinkişafa yönəlik layihə və proqramların addım-addım irəliləməsini izləmək və yararlanmaq çox xoşdur.
“Coaching” - “Koçluq” və onun hədəfləri haqqında gələn yazımda...


Teqlər:  





Xəbər lenti