Haiti hakimiyyəti Makrondan cavab tələb edir

 Haiti hakimiyyəti Makrondan cavab tələb edir
  22 Noyabr 2024    Oxunub:285
Fransa prezidenti Emmanuel MakronunHaitinin keçid şurasında ölkənin keçmiş baş naziri Ariel Anrini istefaya məcbur edənlər barədə “tam əbləhlər” ifadəsindən sonra Fransanın səfiri Antuan Mişon Haitinin Xarici İşlər nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Frans24” telekanalının göstərdiyi kadrlarda Makron onu və Fransanı “Haitidəki vəziyyətə görə cavabdeh” adlandıran bir şəxslə danışır.

“Onlar tam əbləhdirlər, onu (Ariel Anri n- red. ) işdən çıxarmamalıydılar. O, əla baş nazir idi”, – Makron Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı pərdəarxasında deyib.

Qeyd edək ki, 2021-ci ilin iyulunda prezident Jovenel Moizanın kolumbiyalı muzdlular tərəfindən öldürülməsi ilə başlayan böhran səbəbindən Haitida bir neçə ildir ki, qeyri-sabit vəziyyət hökm sürür. Ölkədə yerli silahlı dəstələr fəallaşıb. 2024-cü ilin martında isə Ariel Anri keçid prezident şurası yaradıldıqdan sonra istefa verməyə razılaşdı.

Həmçinin, Haiti hakimiyyəti dəfələrlə Fransanı Parisin müstəmləkəçilik siyasətinin dövlətə vurduğu zərəri ödəməyə çağırıb. Bu ada ölkəsi 1804-cü ildə Fransadan müstəqilliyini elan edib. 1825-ci ildə Haiti Fransanın müstəqilliyini tanıması üçün Parisə “nəhəng həcmdə fidyə” ödəməli oldu ki, bu da Karib hövzəsi dövlətini “yoxsulluğun qəddar dairəsinə” saldı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Haiti   təhqir  





Xəbər lenti